Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Liverpul, 28 yanvar, AZƏRTAC
“Qarabağ”ın “Liverpul”la qarşılaşmasına sayılı saatlar qalmış azərbaycanlı azarkeşlər dünyanın bir çox ölkələrindən Liverpula axışıb.
AZƏRTAC xəbər verir ki, Avropanın müxtəlif şəhərlərindən gələn azarkeşlər sevimli komandalarına dəstək verməklə yanaşı, şəhərdə Azərbaycan birliyini də nümayiş etdirirlər. Liverpul küçələrində qarşılaşan azərbaycanlılar bir-birlərini salamlayır, bayraqlar ətrafında toplaşaraq oyuna olan həyəcanlarını bölüşürlər.
Polşanın Qdansk şəhərindən oyunu izləməyə gələn Anar Əzizov “Qarabağ”ın son oyunlarının azarkeşlərdə böyük ümid yaratdığını bildirib: “Qarabağ”- “Liverpul” oyunu üçün Polşadan gəlmişəm. Çox həyəcanlıyam, çox sevincliyəm. Komandamızın son çıxışları bizi sevindirir. İnşallah, bu oyunda da uğurlu nəticə əldə edərik. Ən azı bir xal qazanacağımıza ümid edirəm. Bütün “Qarabağ” azarkeşlərini təbrik edirəm”.
Bakından oğlu ilə birlikdə gələn Samir İbrahimov klubun Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Oğlumla birlikdə “Qarabağ”a azarkeşlik etmək üçün gəlmişik. Klubumuz ölkəmizi Avropada və dünyada böyük fəxrlə təmsil edir. Yaxşı nəticə ilə geri qayıtmağa ümid edirik”.
Şahin Vəlisoy isə oyunu izləmək üçün oğulları ilə birlikdə Londondan Liverpula gəldiyini bildirib. Qlazqo şəhərində dövlət proqramı ilə təhsil alan Vüqar Qurbanov da komandaya dəstək məqsədilə Liverpula gəldiyini deyib.
Almaniyanın Berlin şəhərindən gələn Murad Mehdizadə isə azarkeşlərin birliyini xüsusi vurğulayıb: “Qarabağ”a dəstək olmaq üçün Almaniyadan İngiltərəyə gəlmişik. Komandamızın son uğurları bizi daha da ruhlandırır. İnşallah, bu oyunda da xallarımızın sayını artıracağıq”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Liverpul