Azərbaycanlı futbolçular ölkə xaricində (ARAŞDIRMA)

05.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli futbolumuzun inkişaf dinamikası və yerli oyunçuların beynəlxalq arenaya inteqrasiyası hər zaman idman ictimaiyyətinin diqqət mərkəzindədir. Son illərdə legioner həyatı yaşamaq, fərqli futbol mədəniyyətlərinə uyğunlaşmaq və ölkəmizi xaricdə təmsil etmək tendensiyası nəzərəçarpan dərəcədə artıb.

Bu prosesin güclənməsinə təsir edən amillərdən biri 2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında legioner limitinin ləğvi olub. AFFA İcraiyyə Komitəsinin bu qərarından sonra klublarımız həm əcnəbi transferlərinin sayını artırıb, həm də meydanda daha az yerli futbolçuya şans verməyə başlayıb. Çempionatda oyun vaxtı azalan yerlilər isə çıxış yolunu xaricə üz tutmaqda görürlər.

Analoji hal sonuncu dəfə 2002/2003 və 2003/2004 mövsümlərində yaşanmışdı. Bəzi qalmaqallara görə 2002/2003 mövsümü yarımçıq dayandırılmış, növbəti çempionat isə ümumiyyətlə keçirilməmişdi. Yaranmış fasilə səbəbindən futbolçular karyeralarını Rusiya, İran və Ukrayna klublarında davam etdirməyə məcbur qalmışdılar.

Hazırda qonşu Türkiyədən tutmuş Asiyaya, Mərkəzi Avropadan Cənub-Şərqi Asiyaya qədər geniş bir coğrafiyada bayrağımızı dalğalandıran futbolçularımız var. Futbolpress.az ölkə xaricində müxtəlif liqalarda çıxış edən legionerlərimizin xəritəsini təqdim edir.

Türkiyə

Türkiyə hər zaman azərbaycanlı oyunçular üçün əsas keçid və adaptasiya məkanı rolunu oynayıb. Hazırda qardaş ölkədə bir neçə futbolçumuz forma geyinir. Nəriman Axundzadə 2026-cı ilin əvvəlində “Qarabağ”dan MLS təmsilçisi “Kolumbus Kryu”ya transfer edilsə də, rəsmi oyunlarda 400 dəqiqə şans qazanmış və 2 assistlə yadda qalmışdı. Millimizin hücumçusu bu yaxınlarda Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor”a icarəyə verilib.

Yüksək diviziyada Nərimanı görsək də, Türkiyə 1-ci Liqasında (ikinci divizion) cari mövsümdə dörd azərbaycanlı mübarizə aparacaq. Başqa bir sabiq “Qarabağ”lı Toral Bayramov yay transfer dövründə “Bursaspor”un heyətinə cəlb olunub. Ozan Can Kökçü də iyun ayında “Volendam”dan (Niderland) “Vanspor”a keçib və Toralın rəqibi olacaq. Azərbaycanın U-21 yığmasında oynamış Barış Əkinçiər isə 2023/2024 mövsümündə “Şanlıurfaspor”un heyətində 29 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldıqdan sonra “Ümraniyespor”a keçmişdi. Əkinçiər İstanbul təmsilçisinin heyətində ümumilikdə 65 oyunda 8 qol, 8 assist müəllifi olub. Türkiyəyə üz tutan təcrübəli adlar arasında Elvin Yunuszadə də var. Müdafiəçimiz digər 1-ci Liqa təmsilçisi “Boluspor”la müqavilə imzalayıb.

2020-ci illərdə bir neçə azərbaycanlı öz şansını Türkiyədə sınasa da, gözlənilən uğuru qazana bilməyib. “Dinamo”da meydanda dəqiqə qazanmaqda çətinlik çəkən Mahir Emreli 2023-cü ildə icarə əsasında “Konyaspor”a keçmiş, lakin 12 oyunda cəmi 2 qolla yadda qalmışdı. Namiq Ələsgərov 2020/2021 mövsümündə “Neftçi”nin çempionluğunda əsas rol oynadıqdan sonra “Bursaspor”a transfer olunmuş, amma bir mövsüm sonra Azərbaycana qayıdaraq “Sabah”a qoşulmuşdu. Renat Dadaşov “Ankaragücü”ndə, Ramil Şeydayev isə “Kocaelispor”da bir mövsüm keçirdikdən sonra komandadan ayrılmışdılar.

Polşa və Balkanlar

Emreli Xorvatiyanı tərk etdikdən sonra Almaniya 2-ci Bundesliqasında şansını sınasa da, əsas heyətə düşməkdə çətinlik çəkirdi və buna görə də cari mövsümdə Polşanın “Rakuv” klubuna icarəyə verilib. Polşa Mahirə tanış ölkədir. Onun legioner karyerası məhz “Legiya”da başlayıb. Hücumçu UEFA Avropa Liqasının pley-off mərhələsində “Slaviya”ya qarşı matçda ikinci hissədə iki qol vurmuş və komandasına vacib geri dönüşü təmin edərək qrup mərhələsinə daşımışdı. Mahir hazırda da Polşada yaxşı formadadır. UEFA Konfrans Liqasının təsnifatında “Valetta”ya qarşı debütündə fərqlənən hücumçu çempionatın ikinci oyununda da toru silkələyib.

Legioner karyerasına erkən başlayan digər gənclərimiz Cəlal Hüseynov və Zamiq Əliyevdir. Peşəkar karyerasına “Zirə”də başlayan Cəlal üçüncü ilində Bolqarıstanın “Arda” klubuna keçmişdi. İcarə əsasında bir mövsüm “Şamaxı”da oynayan müdafiəçimiz hazırda Rumıniyanın “Petrolul” klubunun şərəfini qoruyur. Zamiq Əliyev isə Vüsal İsgəndərlinin sabiq komandasında, yəni Albaniyanın “Eqnatiya” klubunda mövqeyini möhkəmləndirir. İsgəndərli özü hələ də Balkanlardadır, o, hazırda Kosovonun “Malişeva” klubunda çıxış edir.

Rusiya və Asiya

Milli komandamızın hücumçusu Ramil Şeydayev bu yaxınlarda Rusiya çempionatına qayıdıb. “Zenit”in yetirməsi olan futbolçu 2024-cü ildə növbəti dəfə Azərbaycana döndükdən sonra oyun təcrübəsi qazanmaqda çətinlik çəkirdi. Şeydayev cari transfer dövründə Rusiyanın I Liqasında mübarizə aparan “Şoçi” klubuna transfer olunub.

Digər tərəfdən, İsrailin “İroni Kiryat Şmona” komandasında icarədə olan Rüfət Abdullazadə bu yaxınlarda komandada ilk qolunu vurub. Kiprin yüksək liqa təmsilçisi “Pafos”da çıxış edən gənc Murad Məmmədov da əsas heyətdəki yerini möhkəmləndirir.

“Zaqatala”nın yetirməsi olan Ramin Əhmədov isə 2025-ci ildə Qırğızıstanın “Alay” klubuna keçmişdi. 21 oyunda 5 qol və 2 assistlə yadda qalan futbolçu bu mövsüm çempionatdakı rəqib “Özgön” klubuna transfer olunub. Bütün turnirlərdə 12 oyunda 7 qol vuran və 3 məhsuldar ötürmə edən yarımmüdafiəçimiz yeni komandasında daha uğurlu performans göstərir.

Legioner xəritəmizin ən ucqar nöqtəsi isə Uzaq Şərqdir. 2023-cü ildən “Tecon Hana Sitizen”də çıxış edən müdafiəçimiz Anton Krivotsyuk K-Liqa təmsilçisinin əsas oyunçusudur. Cənub-Şərqi Asiyada isə Eddi İsrafilov Malayziyanın son illərdəki hegemon klubu “Yohor Darul Tazim”in şərəfini qoruyur.

Ölkə xaricində çıxış edən hər bir futbolçumuz yalnız fərdi karyerasını yox, bütövlükdə Azərbaycan futbolunun nüfuzunu təmsil edir. Onların beynəlxalq arenada qazandığı təcrübə və əldə etdiyi uğurlar milli komandamızın gələcək potensialına da birbaşa müsbət təsir göstərəcək.

Ayxan

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью