Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan cüdoçusu Kənan Nəsibov İtaliyanın Neapol şəhərində təşkil olunan U-23 Avropa çempionatında fəxri kürsünün ən üst pilləsinə qalxıb.
Futbolpress.az xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz həlledici final görüşündə Serbiya idmançısı Vidak Malyeviçi məğlub edərək qızıl medala sahib çıxıb. Bu zəfərlə Nəsibov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.
İdmançımız finala qədərki yolda Xorvatiya təmsilçisi Luka İvankoviç, fransalı Yan Riqo və almaniyalı Morteza Suha üzərində inamlı qələbələr qazanıb.
Bu nəticədən sonra Azərbaycan milli komandasının Neapoldakı qızıl medallarının sayı 3-ə yüksəlib.
Xatırladaq ki, daha əvvəl İslam Rəhimov (66 kq) və Əjdər Bağırov (100 kq) da kontinent birinciliyində çempionluq sevinci yaşayıblar. İslam Rəhimov da Kənan Nəsibov kimi iki il ard-arda U-23 Avropa çempionu tituluna yiyələnib.