Azərbaycanlı milyonçunu sanksiyalardan qurtarmaq adı ilə aldadıb rüşvət alan fransızın məhkəməsi başladı

18.07.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsasən Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen və milyonçu Fərhad Əhmədovu ona qarşı beynəlxalq sanksiyalardan qorumaq, xaricdəki gəmisinin üzərindən həbs götürmək adı ilə ondan rüşvət almaqda ittiham edilən Fransanın “Saur” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, iyulun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub. O, tərcüməçi ilə təmin olunub.

Daha sonra məhkəmədə ittiham aktı elan olunub. İttihama əsasən, Anass Derraz cinayəti Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla birlikdə törədib. Təqsirləndirilən Anass Derrazın vitse-prezident olduğu “Saur” şirkəti Fransanın milyardlarla dövriyyəsi olan şirkətidir.

İttihama əsasən, Anass Derraz Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla ilə birlikdə azərbaycanlı biznesmeni aldadaraq, ona dəbdəbəli “Luna” yaxtasını həbsdən azad etdirməyi, beynəlxalq sularda yenidən üzməsini təmin edəcəklərini vəd veriblər. Onlar Fərhad Əhmədovu beynəlxalq sanksiyalardan qoruyacaqlarını bildirərək, bu işlərin müqabilində ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə ediblər. 15 noyabr 2018-ci ildə 600 min dollar, gəminin üzərindən həbs qaldırılandan sonra isə 15 gün ərzində daha 5 milyon 540 min dollar verilməsi razılaşdırılıb. Bununla bağlı tərəflər arasında məsləhət müqaviləsi imzalanıb. Fərhad Əhmədov Anass Derraz və Aleksandr Benallanın bank hesablarına pullar köçürüb.

Anass Derraz Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib. Aleksandr Benalla isə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Bu cinayət işi üzrə istintaq araşdırmaları DTX-də aparılıb. Anass Derraza qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi iyulun 31-nə qədər təxirə salınıb. Gələn prosesdə o, ifadə verəcək.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью