Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəddə iki ölkə arasında bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Bəyannamədə xüsusi yer ayrılan istiqamətlərdən biri də “Təhsil və İnnovasiya”dır. Sənədə əsasən, tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, elmi tədqiqatlar, süni intellekt və innovasiya sahələrində əməkdaşlığı dərinləşdirməyi nəzərdə tuturlar. Həmçinin Azərbaycan və Britaniya universitetləri, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların təşviqi, tələbə və peşəkar mübadilələrinin genişləndirilməsi planlaşdırılır.
Bu sənəd azərbaycanlı tələbələrin Böyük Britaniya universitetlərində təhsil alması üçün əlavə imkanlar yarada bilərmi?
Təqaüd proqramlarının və tələbə mübadilələrinin genişləndirilməsi gözlənilirmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, Birgə Bəyannamə bir çox sahələri, o cümlədən təhsil sektorunu da əhatə edir:
“İndiyədək də Azərbaycanın Böyük Britaniyanın müvafiq universitetləri ilə əməkdaşlığımız var idi. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Birləşmiş Krallığın universitetləri ilə əlaqələri var. Eyni zamanda, bir sıra ali təhsil müəssisələrimizdə ikili diplom proqramları həyata keçirilir.
Belə proqramlardan biri çərçivəsində Böyük Britaniyanın müvafiq universitetinin tədris proqramı Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris olunur. Təbii ki, yeni strateji tərəfdaşlıqdan irəli gələrək, Azərbaycan tələbələrinin Böyük Britaniyada təhsil və təcrübə imkanlarının daha da genişlənəcəyini gözləmək olar. Eyni zamanda, Birləşmiş Krallıqda təhsil almaq istəyən vətəndaşlarımız, eləcə də Azərbaycanda təhsil almaq istəyən britaniyalı tələbələr üçün mübadilə proqramlarının tətbiqi mümkün ola bilər”.
Təhsil eksperti qeyd edib ki, bu cür qarşılıqlı əlaqələr və etimad mühiti, şübhəsiz ki, hər iki ölkənin ümumi inkişafına müsbət təsir göstərəcək:
“Bununla yanaşı, vətəndaşlarımızın Böyük Britaniyanın dünya reytinqlərində ön sıralarda yer alan nüfuzlu universitetlərində təhsil almaq imkanlarının daha da əlçatan olacağını düşünürəm. Yəqin ki, qarşıdakı dövrdə tələbə mübadiləsinin genişləndiyini müşahidə edəcəyik. Belə ki, həm Azərbaycan vətəndaşları Böyük Britaniyada təhsil alacaq, həm də həmin ölkənin vətəndaşları müəyyən müddət ərzində Azərbaycanda təhsil imkanlarından yararlanacaqlar. Bütün bunlar ümumilikdə təhsilin inkişafına mühüm töhfə verə bilər”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin