Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, xüsusilə viza prosedurlarının sadələşdirilməsi istiqamətində yeni imkanlar yaranır. Litva 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycanla qurum arasında əlaqələrin genişləndirilməsinə, o cümlədən viza prosedurlarının sadələşdirilməsinə dəstək göstərməyə hazır olduğunu bəyan edib. Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında danışıb.
Litvalı nazir viza məsələsi ilə bağlı müzakirələrə artıq başlanıldığını, hər iki tərəfdə müvafiq hüquqi proseslərin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi insanlar arasında əlaqələrin, qarşılıqlı anlaşmanın və ölkələrarası əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ölkəmizin Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasında maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın son illərdə bir sıra ölkələrlə qarşılıqlı viza rejiminin liberallaşdırılması istiqamətində atdığı addımların müsbət nəticələr verdiyini qeyd edərək, Avropa İttifaqı ilə də oxşar mexanizmin tətbiqinin Azərbaycan üçün vacib və arzuolunan olduğunu bildirib. Bayramov litvalı həmkarının bu istiqamətdə dəstək mövqeyini müsbət qiymətləndirərək ona təşəkkür edib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a açıqlamasında bildirib ki, burada söhbət vizasız rejimdən deyil, viza prosedurlarının sadələşdirilməsindən gedir:
“Açığı, Litvanın sədrliyi dövründə hansı real addımların atılacağı çox maraqlıdır. Litva altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edəcək. Bunun üçün isə 27 ölkənin razılığı olmalıdır və ümumi razılıq əsasında müvafiq prosedur həyata keçirilməlidir.
Amma sədr ölkənin müəyyən üstünlükləri var. Məsələn, gündəliyə təkliflər daxil edə bilər. Viza rejiminin sadələşdirilməsi ilə bağlı əvvəlki mexanizmin bərpası məsələsi də var. Belə bir mexanizm 2014-cü ildən mövcud idi və ona qayıtmaq mümkün ola bilər. Digər tərəfdən, texniki yol xəritələri hazırlanmalıdır. Bu baxımdan da həmin sənəd önəmlidir.
Sadələşdirmənin vətəndaşlara necə təsir göstərəcəyinə gəldikdə isə düşünürəm ki, viza rüsumu 90 avrodan aşağı düşəcək, ödənişlər ən azı yarıbayarı azalacaq və sənədlərin toplanması prosesi asanlaşacaq. Hazırda bank çıxarışları, hotel bronları və digər tələblər ciddi problemlər yaradır. Bunlar sadələşdirilməlidir.
Həmçinin Şengen vizalarının qısa müddətə verilməsi və hər səfər üçün yenidən müraciət zərurəti vətəndaşlar üçün əlverişli deyil. Birillik, iki-üçillik viza almaq mümkün olacaq. Müraciətlərə baxılma müddəti də heç olmasa 10 gündən bir həftəyə qədər azala bilər”.