Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda sakinlər ildə orta hesabla 3,25 kitab oxuyur, mütaliəyə isə 74 saat vaxt ayırırlar.
"AzPolitika" xəbər verir ki, bu barədə "CEOWORLD Magazine" nəşrinin istehlakçıların mütaliə vərdişlərinə dair araşdırmasında bildirilir.
Araşdırmaya əsasən, adambaşına düşən illik kitab sayı və mütaliəyə sərf olunan vaxta görə ABŞ ilk sırada qərarlaşıb. Bu ölkədə insanlar il ərzində orta hesabla 17 kitab oxuyur və mütaliəyə 357 saat vaxt ayırırlar.
Hindistan 16 kitab və 352 saat göstəricisi ilə ikinci, Böyük Britaniya 15 kitab və 343 saatla üçüncü, Fransa 14 kitab və 305 saatla dördüncü, İtaliya isə 13 kitab və 278 saatla beşinci yerdədir. Rusiya ildə orta hesabla 11 kitab oxunması və mütaliəyə 223 saat ayrılması ilə yeddinci sırada qərarlaşıb.
Araşdırmaya daxil edilən ölkələr arasında ən aşağı göstəricilər Əfqanıstanda (2,56 kitab), Bruneydə (2,59 kitab) və Pakistanda (2,6 kitab) qeydə alınıb.
Bəs maraqlıdır, niyə azərbaycanlılar mütaliəyə bu qədər az vaxt ayırırlar?
Mövzu ilə bağlı "AzPolitika"-ya danışan tanınmış jurnalist, publisist, əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, Azərbaycanda mütaliə göstəricilərinin aşağı olması təəssüf doğurur və bu məsələyə daha ciddi yanaşılmalıdır.
Professorun sözlərinə görə, kitab oxumaq yalnız sosial şəraitlə əlaqəli məsələ deyil, eyni zamanda insanın dünyagörüşünü, düşüncə tərzini və mənəvi inkişafını müəyyənləşdirən mühüm amildir: “Kitab oxumamaq üçün sosial vəziyyətin gərginliyini və ya digər səbəbləri əsas gətirmək düzgün deyil. Kitab oxumaq bir həyat tərzi, dünyagörüşü məsələsidir. Kitabla ünsiyyət insanın mahiyyəti ilə bağlıdır. Azərbaycanda kitabın təbliği istiqamətində rəsmi səviyyədə müəyyən işlər görülür. Bakıda təşkil olunan Beynəlxalq Kitab Sərgisi də bu baxımdan nümunə sayıla bilər. Lakin əsas problem ümumi əhali arasında mütaliə vərdişlərinin zəifləməsi və oxumağın gündəlik həyatın bir hissəsi olmaqdan uzaqlaşmasıdır".
Onun fikrincə, gənclərin elektron formatda kitab oxuduqlarını bildirmələri də problemin tam həll olunduğu anlamına gəlmir. Əsas məsələ kitabın hansı formatda oxunmasından daha çox, onun məzmununun necə qavranılması, ideyalarının nə dərəcədə mənimsənilməsi, müzakirə edilməsi və cəmiyyətə çatdırılmasıdır. Eyni zamanda yerli müəlliflərin əsərlərinin təbliği və kitablar ətrafında ictimai müzakirələrin təşkili də mühüm əhəmiyyət daşıyır.
Qulu Məhərrəmli hesab edir ki, kitab sərgilərinə və kitab mağazalarına yalnız kommersiya fəaliyyəti prizmasından yanaşmaq olmaz: "Kitab və mütaliə mədəniyyətin mühüm tərkib hissəsidir və onların inkişafı üçün xüsusi diqqət göstərilməlidir. Bu baxımdan kitab mağazalarının açılmasına maneələr yaradılmamalı, əksinə, onların fəaliyyətini təşviq edən şərait formalaşdırılmalıdır".
Professorun sözlərinə görə, məktəblərdə bədii ədəbiyyatın, elmi-kütləvi və elmi bilikləri geniş auditoriyaya çatdıran kitabların təbliği gücləndirilməlidir. Həm orta, həm də ali təhsil müəssisələrində kitab müzakirələrinin keçirilməsi gənclərdə mütaliəyə marağın artırılmasına kömək edə bilər.
O, universitetlərdə ayrı-ayrı qurumların təşəbbüsü ilə ildə bir neçə dəfə təşkil olunan kitab müzakirələrini müsbət təcrübə kimi qiymətləndirib. Belə tədbirlər kitab sevgisinin aşılanması, oxucuların düşüncələrini bölüşməsi və əsərlərin daha dərindən mənimsənilməsi baxımından əhəmiyyətlidir.
Qulu Məhərrəmli qeyd edir ki, mütaliənin təşviqi üçün müasir kommunikasiya vasitələrindən də geniş istifadə olunmalıdır: "Sosial şəbəkələrdə kitab müzakirələrinin təşkili, YouTube platformasında mütaliəyə həsr olunan kanalların yaradılması, televiziya kanallarında kitab və ədəbiyyatla bağlı ayrıca verilişlərin hazırlanması bu istiqamətdə təsirli addımlar ola bilər. Məqsəd yalnız kitabların nəşr olunması və satışının artırılması deyil, onların məzmununun cəmiyyətə çatdırılması, oxucular arasında müzakirə edilməsi və mütaliənin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsidir".
E. Bəyməmmədli
"AzPolitika.info"