GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu görüşdən sonra yekun sülh sazişinin imzalanacağına dair ümidlər artıb.
Analitiklərin fikrincə, ilk növbədə Zəngəzur dəhlizi açılacaq və TRİPP layihəsi reallaşacaq. Yalnız bundan sonra yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımlar atılacaq.
Bu saziş nə zaman imzalana bilər? Bakı dəhlizin açılmasını gözləyir?
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda Donald Tramp və Nikol Paşinyanla görüşməsi Azərbaycanın beynəlxalq arenada nə qədər mühüm və təsirli aktor olduğunu bir daha nümayiş etdirir:
“Dünyanın superdövləti ilə birbaşa təmas, regional və qlobal məsələlərin müzakirəsi, iki ölkə arasında münasibətlərin gündəmə gətirilməsi liderlər arasındakı dialoqun nə qədər önəmli olduğunu göstərir. ABŞ-ın son illərdə dünya geosiyasətində artan rolu və Azərbaycana verdiyi xüsusi əhəmiyyət diqqətçəkən məqamdır.
Cənab Prezidentin Nikol Paşinyanla görüşünə gəldikdə isə, bu, sülh gündəliyinin dinamik və işlək olduğunu göstərir. Azərbaycan və Ermənistan sülhə olduqca yaxındır. Zəngəzur dəhlizi isə böyük tranzit layihəsidir. Bu layihə iki ölkə arasında tranzit əlaqələrinin bərpası ilə özünü göstərir.
Kazım Kazımov
Artıq Azərbaycandan Ermənistana enerji məhsulları satılır. Bundan əlavə, Ermənistan üzərindən digər ölkələrə daşınan məhsullara heç bir qadağa tətbiq edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi Ermənistanla tranzit və ticarət əlaqələrinin qurulmasına hazırdır.
Azərbaycan Zəngəzur dəhlizinin reallaşacağı ərazidə bütün infrastruktur işlərini başa çatdırıb və bu, çox qısa müddətdə həyata keçirilib. Ölkəmiz sürətli bərpa və yenidənqurma prosesi ilə regionu faktiki olaraq yenidən formalaşdırıb. Ermənistan tərəfinin də sülh niyyətini görürük. Davosda liderlər arasında keçirilən görüş bunu bir daha təsdiqləyir.
Ermənistanda seçki ilidir və bu faktor olduqca mühümdür. Dəhlizin açılmasının seçkidən əvvəl, yoxsa sonra baş verəcəyini gözləmək lazımdır. Ehtimal etmək olar ki, Paşinyan seçkidən öncə həm sülh sazişinin imzalanmasına, həm də Zəngəzur dəhlizinin açılmasına çalışa bilər”.
Turan Rzayev
Globalinfo.az