Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Nəzrin Əliyeva Polşada keçirilən ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında azərbaycanlıların qayıdış hüququ, qaçqın və məcburi köçkünlərin problemləri, etnik və dini ayrı-seçkilik, eləcə də Azərbaycanın dini-mədəni irsinin qorunması məsələlərini diqqətə çatdırıb.
O bildirib ki, XX əsrin sonunda 250 mindən çox azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından deportasiya edilib. Ümumilikdə, Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Nəzrin Əliyeva onların doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtmaq hüququnun beynəlxalq insan hüquqları standartlarına uyğun tanınmasının vacibliyini vurğulayıb.
Çıxışda işğal dövründə Azərbaycan ərazilərində şəhər və kəndlərin, yaşayış evlərinin, infrastrukturun, məscidlərin, qəbiristanlıqların və digər mədəni irs obyektlərinin dağıdılması, həmçinin etnik düşmənçilik və islamofobiya halları qeyd olunub. O, ATƏT-i ayrı-seçkiliyə və dini dözümsüzlüyə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
Nəzrin Əliyeva konfrans çərçivəsində keçirilən “Ermənistan - Azərbaycan sülh prosesi: Cənubi Qafqazda davamlı sülh üçün nə tələb olunur?” adlı yan tədbirdə də iştirak edib. O, davamlı sülhün ədalətin təmin edilməsini, zərərçəkmişlərin hüquqlarına hörmət göstərilməsini və vətəndaş cəmiyyətləri arasında dialoqun gücləndirilməsini tələb etdiyini bildirib.
Çıxışında 4 mindən çox azərbaycanlının taleyinin hələ də naməlum qalmasına, mina hadisələrinin yaratdığı humanitar problemlərə də diqqət çəkən Nəzrin Əliyeva Azərbaycan cəmiyyətinin narahatlıqlarının sülh müzakirələrində nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mənalı dialoq qarşılıqlı etimadı möhkəmləndirməli və regionda davamlı sülhə, əməkdaşlığa yol açmalıdır.
S.ELAY
XQ