Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin 2026-cı il üzrə statistikası açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
O bildirib ki, TikTok Azərbaycanda digər sosial şəbəkələrlə müqayisədə xeyli öndədir və ən yaxın rəqibindən təxminən iki dəfə çox istifadəçiyə malikdir. Sərfəli qiymətə məhsullar
Texnobloqerin sözlərinə görə, Azərbaycan əhalisinin təxminən 80 faizi TikTok hesabından istifadə edir. O, eyni zamanda, Facebook-un istifadəçi itirməkdə davam etdiyini, X platformasının isə uzun müddətdir azərbaycanlıların diqqətini cəlb edə bilmədiyini qeyd edib. LinkedIn-in isə Facebook-dan istifadəçi qazanmağa davam etdiyini vurğulayıb.
Fərid Pərdəşünas TikTok-da səviyyəsiz məzmunların çoxluğunu qəbul etsə də, platformanın cəmiyyətin güzgüsü olduğunu bildirib.
Texnobloqer xüsusilə azyaşlıların TikTok istifadəsi ilə bağlı narahatlığını ifadə edib. O, Azərbaycanda neçə azyaşlının bu platformadan istifadə etdiyinin açıqlanmasının vacibliyinə diqqət çəkib.
“Əsas sual budur: Azərbaycanda nə qədər azyaşlı TikTok istifadə edir? Hər halda hər bir şəxs 3-4 profil açıb TikTok istifadə etmir. Bu onu göstərir ki, Azərbaycanda TikTok-da azyaşlı istifadəçi çoxdur”, – deyə o bildirib.