Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Lider operatorun Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıra nominasiyalar üzrə Türkiyənin ən prestijli reklam mükafatlarından olan Felis-ə layiq görülüb.
Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri qiymətləndirən “Felis Mükafatları” Azercell-in fəaliyyətini yüksək dəyərləndirib.
“Felis Mükafatları” çərçivəsində təşkil edilən “Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalar üzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elan edib.
Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilən mükafatlandırma mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyata keçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə, ölkəmizə faydalı olmasıdır.
Cüdo Federasiyası ilə tərəfdaşlığımız sayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik.
Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru bizim əməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.
Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6 kateqoriya üzrə 7 mükafatın sahibi olub.