Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dünya Bankı tərəfindən hazırlanan “Azərbaycanda qadınların məşğulluğu qarşısında maneələrin aradan qaldırılması” adlı hesabatda “Azerconnect Group”un müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət (MBİM) prinsiplərinin təşviqi istiqamətində icra etdiyi strategiyaya geniş yer ayrılıb.
Hesabatda şirkətin insan kapitalının idarəolunması, qadınların məşğulluğunun dəstəklənməsi sahəsində layihələri, tətbiq etdiyi çevik iş mexanizmlərindən bəhs edilib.
Bildirilib ki, MBİM yanaşması “Azerconnect Group”da qadınların texniki vəzifələrə işə qəbulunun əhəmiyyətli dərəcədə artmasına töhfə verib.
Qeyd edək ki, Dünya Bankının hesabatı “Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik” adlı tədbirdə təqdim olunub.
Hökumət, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrdən nümayəndələrin qatıldığı tədbirdə ölkəmizdə qadınların məşğulluğunun inkişaf etdirilməsi yolları müzakirə edilib.
“Azerconnect Group”un İnsan resursları üzrə baş müdiri Mətanət Babayevə çıxışında gender bərabərliyi və inklüziv mühitin inkişafı ilə bağlı şirkətin strategiyası, həmçinin qadınların səlahiyyətləri, onların liderlik bacarıqlarının artırılmasına yönələn layihələr barədə ətraflı məlumat verib.
Eyni zamanda, əməkdaşlara həm ofisdən, həm də məsafədən işləməyə imkan verən “Flexcellence” proqramı, onun xüsusi ilə qadınların rifahı və məhsuldarlığına təsiri barədə danışılıb.