Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) enerji infrastrukturunun modernləşdirilməsi və nasazlıqların erkən aşkarlanması məqsədilə üç böyük satınalma elan edib.
“Yeni Sabah” xəbər verir ki, layihələr çərçivəsində ümumilikdə 15 yarımstansiyada termal kameralarla nasazlıqların aşkarlanması sistemi və termal monitorinq modulunun təchizatı, quraşdırılması və texniki dəstəyi xidmətləri həyata keçiriləcək. Bununla yanaşı, elektrik veriliş xətlərinin müayinəsi üçün süni intellekt əsaslı diaqnostika sistemlərinin alınması və tətbiqi də nəzərdə tutulur.
Elan olunmuş satınalmaların ehtimal olunan dəyəri 8 yarımstansiya üzrə termal monitorinq sistemlərinin qurulması üçün 2 milyon 312 min 255 manat, 7 yarımstansiya üzrə analoji işlərin icrası üçün 2 milyon 550 min 114 manat, süni intellekt əsaslı elektrik veriliş xətlərinin diaqnostika sistemlərinin tətbiqi üçün isə 2 milyon 212 min 701 manat təşkil edir. Online alış-veriş
Beləliklə, üç satınalma üzrə ümumi məbləğ 7 milyon 75 min 70 manata bərabərdir.
Cəlalə Cəlalqızı