Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şirkət bu ölkənin “Akba” yatağının işlənməsinə 100 milyon dollar kapital qoyacaq
Son illər Azərbaycan xarici ölkələrdə uğurlu investisiya fəaliyyəti həyata keçirir. Elə indiyədək xarici ölkələrə yatırılan ümumi birbaşa investisiyaların həcminin 35 milyard ABŞ dollarını ötməsi də bunu deməyə əsas verir. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, təkcə bu ilin 6 ayında ölkəmizdən xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 5 milyard 360 min dollar təşkil edib.
Azərbaycan xarici sərmayələrinin qorunması və hüquqi bazanın təmin edilməsi məqsədilə bu günə qədər 48 ölkə ilə “İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında” ikitərəfli müqavilə imzalayıb. Rəsmi statistikaya əsasən, təkcə Avrasiya regionunda Azərbaycan kapitalı 40-dan çox irimiqyaslı investisiya layihəsində pay sahibidir. Ölkəmizin xaricə qoyduğu investisiyalar isə, əsasən, enerji, emal, nəqliyyat, logistika, dənizçilik, infrastruktur, telekommunikasiya, ticarət və digər sahələri əhatə edir. Ümumilikdə isə, son zamanlar xarici investisiyaların əhatə etdiyi ölkələrin sayı artdığı kimi, onun şaxələndirilməsi də müşahidə olunur.
Artıq Azərbaycan xarici ölkələrin mədən sənayesinə də investisiyalar cəlb etməyə başlayıb. Bu baxımdan ölkəmizdə əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənməsi və idarə olunması sahəsində fəaliyyət göstərən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Özbəkistanın mədən sənayesinə investisiya yönəltməklə bağlı qərarı diqqət çəkir. Belə ki, Azərbaycanın dövlət şirkəti olan “AzerGold” QSC Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının işlənməsi layihəsinə ən azı 100 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır. Qurumdan verilən məlumata görə, layihənin ilkin mərhələsində hazırlıq və əlavə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,8 milyon dollar yönəldiləcək.
Layihə barədə məlumatı “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov oktyabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya vilayətinə işgüzar səfəri çərçivəsində xarici investorlarla keçirilən görüşdə təqdim edib. O, şirkətin Özbəkistanda təsis edilmiş ilk xarici törəmə müəssisəsi olan “AzerGold Uzbekistan” xarici investisiyalı MMC-nin fəaliyyəti və “Akba” qızıl yatağının işlənməsi layihəsinin perspektivləri barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsinə, mineral xammal ehtiyatlarından səmərəli istifadəyə və qarşılıqlı investisiya imkanlarının artırılmasına töhfə verə bilər. Eyni zamanda, bu təşəbbüs “AzerGold”un beynəlxalq fəaliyyətinin genişləndirilməsi və şirkətin təcrübəsinin xarici bazarlarda tətbiqi baxımından əhəmiyyət daşıyır. Belə ki, “Akba” layihəsi Azərbaycan və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsi, mineral xammal ehtiyatlarının səmərəli istifadəsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından xüsusi diqqət çəkir. Layihənin həyata keçirilməsi, eyni zamanda, “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinə və şirkətin peşəkar təcrübəsinin xarici bazarlarda tətbiqinə imkan yaradacaq.
Qeyd edək ki, Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən “Akba” qızıl yatağının sənaye (çıxarıla bilən) qızıl ehtiyatları 13 tondan çoxdur. Keçirilən əlavə geoloji kəşfiyyat işləri nəticəsində yatağın ümumi resurs potensialının daha 50 ton artaraq 60 tonu ötəcəyi təxmin edilir. Bu isə ümumi potensialın maliyyə dəyəri cari bazar qiymətləri ilə, təxminən, 8,3 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Yataqda kəşfiyyat və qiymətləndirmə işlərinin, təxminən, 18 ay davam edəcəyi, layihə üzrə yekun investisiya qərarının isə 2028-ci ildə veriləcəyi gözlənilir. İkin hesablamalara əsasən, yatağın işlənməsi layihəsi çərçivəsində 200-dək yeni iş yerinin yaradılması potensialı mövcuddur. Bununla belə, investisiyanın yekun həcmi, hasilat göstəriciləri və məşğulluq imkanları əlavə geoloji kəşfiyyat, mineral resursların qiymətləndirilməsi, texniki-iqtisadi təhlil və layihələndirmə işlərinin nəticələrinə əsasən dəqiqləşdiriləcək.
Xatırladaq ki, “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan – Özbəkistan İnvestisiya Şirkəti arasında 2026-cı il iulun 17-də Özbəkistanın perspektivli mineral sahələrində birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair əməkdaşlıq sənədi imzalanıb. Hazırda Nəvai və Nurata şəhərləri arasındakı sahələrdə tədqiqatların aparılması üçün birgə müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir. Tərəflər, həmçinin Azərbaycan və Özbəkistanda yerləşən digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanlarını müzakirə edirlər.
Mirbağır YAQUBZADƏ
XQ