“AzerGold”un “qızıl” hədəfləri

25.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2030-cu ilədək illik dövriyyə 1 milyard manata çatdırılacaq

“AzerGold” QSC-də brifinq keçirilib. İdarə Heyətinin sədri Zakir İbrahimov QSC-nin fəaliyyət istiqamətləri, ölkə iqtisadiyyatındakı rolu və gələcək hədəflər çərçivəsində danışıb. Brifinq zamanı bildirilib ki, son 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və bir regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması nəticəsində “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

İqtisadi yüksəlişə töhfə

Bununla yanaşı, şirkətin son 10 ildə həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqustunadək ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir, dövlət büdcəsinə isə 316,3 milyon manat vergi ödənişi təmin edilib. Zakir İbrahimovun sözlərinə görə, bu göstəricilər qeyri-neft sənayesinin inkişafına, ölkənin ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına mühüm töhfəni əks etdirir: “Dövlət Proqramının Tədbirlər Planında “AzerGold” QSC fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra mühüm prioritetlər üzrə əsas icraçı kimi müəyyənləşdirilib. Qarşıdakı dövrdə əsas məqsədimiz mövcud inkişaf dinamikasını qorumaqla yanaşı, mineral-xammal sektorunun inkişafını yeni mərhələyə çıxarmaqdır”.

Sədr, həmçinin ilkin axtarış və qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirildiyini açıqlayıb. Onun sözlərinə görə, tədqiqatların 2027-ci ildə tamamlanması planlaşdırılır. O bildirib ki, hazırda axtarış və qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi mövcuddur. Həmin sahələr üzrə resursların qiymətləndirilməsi davam edir və prosesin 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Yeni yataqlar kəşf edilir

Z.İbrahimovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının ərazisində Birləşmiş Ərəb Əmirliklərinin “International Resources Holding” şirkəti ilə daha əvvəl imzalanmış müqavilə çərçivəsində yaradılması nəzərdə tutulan birgə müəssisə tərəfindən ilkin axtarış və qiymətləndirmə işlərinə hazırlıq intensiv şəkildə aparılır. “AzerGold” QSC İdarə Heyətinin sədri qeyd edib ki, ilkin kəşfiyyat mərhələsində şirkətin portfelində 5 yataq mövcuddur və həmin yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir: “Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resursun həcmi təxminən 1,5 milyon GEO təşkil edir. Hazırda Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə də ehtiyatların hesablanması davam etdirilir”.

Dövlət Proqramı çərçivəsində “AzerGold” QSC tərəfindən 4 strateji layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Balakəndə yerləşən Filizçay polimetal və Daşkəsən dəmir filizi layihələridir.

İri yatırım – böyük qazanc

“AzerGold” QSC İdarə Heyətinin sədri bildirib ki, həmin layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat, ümumi iqtisadi dəyəri isə 60,4 milyard manat təşkil edir: “Dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl kapitalın cəlb edilməsi üçün imkanların genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır”.

Xronoloji ardıcıllıqla ilk istehsala başlanılması nəzərdə tutulan layihə Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl yatağı layihəsidir: 2028-ci ildən etibarən Söyüdlü layihəsində istehsalın başlanılması nəzərdə tutulur. Layihənin istismar müddəti 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya həcmi isə 425 milyon manatdır. Layihənin “AzerGold” QSC-nin daxili və borc vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır.

İkinci qızıl layihəsi Naxçıvanda yerləşən Ortakənd qızıl yatağıdır. Layihə üzrə ilk istehsalın 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Ortakənd layihəsinin istismar müddəti 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya həcmi isə 255 milyon manatdır. Bu layihənin də şirkətin daxili və borc vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Söyüdlü, Ortakənd, Filizçay...

Bununla yanaşı, Söyüdlü və Ortakənd layihələri çərçivəsində ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Bu layihələrin reallaşdırılması ölkənin qızıl istehsalının və ixracının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Eyni zamanda, yeni istehsal güclərinin yaradılması dağ-mədən sektorunun inkişafına və mineral-xammal resurslarından daha səmərəli istifadəyə əlavə imkanlar yaradacaq.

Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdə başlanması nəzərdə tutulur. Layihənin 34 illik istismar dövrü ərzində 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır.

Ümumiyyətlə, Filizçay layihəsinin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya həcmi isə 1 milyard manatdır: “Müşavirədə Prezident tərəfindən “AzerGold” QSC-nin ilkin mərhələdə yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərməsi tapşırılıb. İstismar irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq. Bundan sonra zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi imkanları nəzərdən keçirilə bilər. Layihənin icrası regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına da təkan verəcək”.

İdarə Heyətinin sədri qeyd edib ki, layihənin reallaşdırılması hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişləndirilməsi üçün də yeni imkanlar yaradacaq: “Beləliklə, Filizçay layihəsi ölkənin əlvan metallurgiya potensialının inkişafına, mineral resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsinə və yeni sənaye dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək”.

QSC rəhbəri brifinq zamanı hədəflərlə bağlı da danışıb. Qeyd olunub ki, şirkətin əsas hədəflərindən biri 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmaqdır. Zakir İbrahimov son 10 il ərzində həyata keçirilən dövlət siyasəti və şirkətin fəaliyyəti nəticəsində formalaşmış təcrübə və yaradılmış istehsal bazası “AzerGold”un növbəti inkişaf mərhələsi üçün mühüm zəmin yaratdığını qeyd edib: “Qarşıdakı dövrdə məqsədimiz əldə olunmuş nəticələri daha da inkişaf etdirmək, ölkəmizin iqtisadi inkişafına töhfə vermək və regionlarda uzunmüddətli məşğulluq imkanları formalaşdırmaqdır”.

İdarə Heyətinin sədri qeyd edib ki, yeni layihələrin həyata keçirilməsi ilə “AzerGold”un fəaliyyət coğrafiyasının genişlənməsi, hasilat və emal imkanlarının artırılması, yeni sənaye və xidmət sahələrinin formalaşdırılması nəzərdə tutulur.

N.ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью