“Azəri” fars tayfasıdır? Deputatların qalmaqalına professor da qoşuldu

23.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “azər” sözü millət vəkilləri arasında polemikaya səbəb olub. 

Millət vəkili Səyyad Aran çıxış zamanı bildirib ki, Azərbaycanın bütün qurumları belə adlanır: 

“"Azərxalça", “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azeri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”-ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”. 

Deputat Hikmət Babaoğlu həmkarının fikri ilə razılaşmayıb.

“Səyyad müəllim, bizim ölkəmizin adı nədir: Azər-baycan. Biz “azər” və ya “azəri” sözündən imtina etməklə, kökümüzdən, dövlətimizdən imtina etmiş oluruq. İranda “azəri” adında fars kökənli etnik azlığın yaşaması uydurmadır. İranda belə bir etnik qrup yoxdur, o bizik. Bizim etnik adımızın kökü “az”dır”, - H. Babaoğlu qeyd edib. 

Qeyd edək ki, ümumiyyətlə, “azər”, “azəri” sözünün işlədilməsi birmənalı qarşılanmır. Bəs əslində bu gün polemikaya çevrilən sözlərin tarixi kökü nədir? 

Türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov “Cebheinfo.az”-a açıqlamasında məsələyə belə münasibət bildirib:

““Azər” sözünün bizə aidiyyəti yoxdur” deyənin bu məsələdən xəbəri yoxdur. Bəzən deyirlər ki, “azəri” adında fars tayfası olub, amma tarixdə, qaynaqda bu yoxdur. Ölkəmizin adı Azərbaycandır. Bunun kökü “Azər”dir, yəni “Azər” tayfalarının yurdudur. XIV əsrdə bir fars vəzir Rəşidəddin “Oğuznamə”-ni qələmə alıb. 

O yazır: “Oğuz xan dedi ki, Azərbaycan adının kökündə azər xalqı, azər boyları durur. Baycan da onların yaşadığı ölkənin adıdır”. Həmçinin “azər” sözünü izah edib deyir ki, bu, uca, yüksək, soylu insanlara deyilir. Bunu mən yazmıram. Həmin dövrdə Rəşidəddin yazıb. Bu fars sözü deyil. Qaynaqları bilməyənlər, ordan-burdan oxuyurlar”.

F.Cəlilov bildirib ki, bu məsələni 100 il bundan əvvəl bilərəkdən ortaya atıblar: 

“Məsələdən xəbəri olmayanlar da tutuquşu kimi onu təkrar edirlər. Mən bir tarixi qaynaq dedim. Zəhmət çəkib açıb baxsınlar. “Azəri” fars deyimidir. Bizim dildə “azər”dir. Məsələn, bizdə müxtəlif qurumlara verilən “Azərnəşr”, “Azəryol”, “Azərneft” kimi adlar sözün qısaldılmış formasıdır. 

Sözün köküdür və Azərbaycan sözünün də kökü “azər”dir. Bu gerçəkliyi, durumu görməyənlər doğru düşünmürlər. Bizim ulu babamız Oğuz xan deyil? Oğuz xan deyir ki, Azər türk xalqının adıdır, Azərbaycan da onların yaşadığı ölkədir. Bundan artıq bizə nə lazımdır?” 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: “Azəri” Səyyad Aran Firudin Cəlilov Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью