Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Azəriqaz” İstehsalat Birliyindən deputat Səyyad Aranın çıxışına cavab verilib.
KONKRET.az bildirir ki, bu barədə “yeni sabah”a danışan qurumun İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, “Azəriqaz” İB öz adını özü təyin etməyib və dəyişdirmək səlahiyyəti də yoxdur:
“Azəriqaz” İstehsalat Birliyi olaraq, bildirmək istəyirik ki, birliyin adı ilə bağlı səsləndirilən sualın ünvanı biz deyilik. Biz ad qoymuruq, dəyişmirik”.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib ki, “Azəri” sözünün bizə dəxli yoxdur.
“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyid münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə deputat bildirib.