“Azəriqaz” pensiya yaşına bir il qalmış vətəndaşı imtahan edib işdən azad edib

23.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Razi Nurullayev 49 il dövlət qulluğunda çalışmış bir şəxsin pensiyaya çıxmasına 1 il 1 ay qalmış imtahandan kəsildiyi üçün işdən azad olunması ilə bağlı məsələ qaldırıb.

Deputat bildirib ki, sözügedən şəxsin işdən çıxarılması ilə bağlı aidiyyəti dövlət qurumu ilə müzakirə aparıb və ona mövcud hüquqi sənədlər təqdim edilib. Qurumun arqumentlərinə görə, qərar qüvvədə olan normativ aktlara əsaslanıb.

“Əgər qanunvericilikdə bu cür hallara yol açan boşluq varsa, bu boşluq aradan qaldırılmalıdır”, — Nurullayev vurğulayıb.

Deputat vətəndaşı imtahan edən qurumun adını çəkməyib.

Onun sözlərinə görə, uzun illər dövlətə xidmət etmiş şəxslərin pensiyaya az müddət qalmış imtahan nəticəsinə görə işdən azad olunması sosial ədalət və əmək hüquqları baxımından suallar yaradır. Deputat hesab edir ki, bu tip halların qarşısının alınması üçün qanunvericilikdə xüsusi mexanizmlər nəzərdə tutulmalıdır.

Əldə etdiyimiz məlumata görə vətəndaşı 49 il sonra imtahan edən “Azəriqaz” İB-dır.

(anews.az)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью