“Azərişıq” “mygov” platformasına qoşulur

16.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində rəqəmsal xidmətlərin vahid platformada təqdim edilməsi üzrə işlər davam etdirilir.

Bu çərçivədə “Azərişıq” ASC-nin mobil tətbiqində təqdim olunan rəqəmsal xidmətlər, məlumat və funksionallıqlar “mygov” platformasına tam inteqrasiya olunub. Eyni zamanda, xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Artıq vətəndaşlar “Azərişıq” ASC-nin rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər. my.gov.az üzərindən xidmətlərdən yararlanmaq üçün “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Azərişıq ASC” seçilməlidir. “mygov” mobil tətbiqində isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərdən istifadə etmək mümkündür.

Bundan öncə isə “Azərişıq” tərəfindən təqdim olunan əhali istehlakçısının adının dəyişdirilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciət, abonentin geniş tarixçəsinin təqdim edilməsi, smart kartın bərpası və yeni smart kartın verilməsinə müraciət, borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi kimi xidmətlər yenidən dizayn edilərək “mygov”a inteqrasiya edilib. Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının “mygov” platformasında təqdim olunması təmin edilib. Xidmət və məlumatlarla yanaşı, “Azərişıq” mobil tətbiqində mövcud olan digər funksionallıqların da “mygov”a inteqrasiyası tamamlanıb.

Xatırladaq ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biridir. Son illər qurumda göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində artıq 4 milyon istifadəçi “mygov”un xidmətlərindən yararlanır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью