Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinq keçirib.
"APA-Econimics" xəbər verir ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.
O qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, rəqəmsal həllər sahəsində də inkişaf etməyi hədəfləyən “Azərpoçt” 2024-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.
Belə ki, qurum 2024-cü ildə fiziki şəxslər üçün “AzPostMobile” tətbiqini, hüquqi şəxslər üçün İnternet bankçılıq xidmətini, kiçik və orta sahibkarlar üçün isə “Mobil POS” xidmətini istifadəyə verib.
Sadalanan rəqəmsal həllər öz istifadəçilərinin işini onlayn şəkildə sürətli və rahat icra etməyə imkan yaratmaqla yanaşı, xidmətin keyfiyyətinin də yüksəlməsinə səbəb olur.
Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mütəmadi olaraq yenidənqurma işləri aparılır.
Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb.
2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətləri təqdim olunub.