“Azərsun Holdinq” Juninyonu “Qarabağ”ın əfsanəsi sayır 81 oyuna çıxan futbolçu necə əfsanə olur?

01.02.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərsun Holdinq” ötən həftə növbəti illik təqvim layihəsini təqdim edib. “Qarabağnamə” adlı təqvimdə ilin hər ayı klubun tarixini, dəyərlərini, qələbələrini fərqli mövzular əsasında əks etdirir.

Diqqətimizi çəkən məqam isə başqadı. “Qarabağ”ın əfsanələri” bölməsində 21-ci əsrdə forma geyən futbolçuların siyahısına baxın. Rəşad Sadıqov, Ansi Aqolli, Abdulla Zubir, Bədavi Hüseynov, Maksim Medvedev, Reynaldo, Juninyo... Juninyo? Braziliyalı hücumçu nə vaxt “Qarabağ”ın əfsanəsi oldu ki, xəbər tuta bilmədik? Mövsümyarım komandada oynayan, cəmi 81 oyuna çıxan futbolçu 42 qol vurub. 81 oyuna çıxan futbolçuya necə əfsanə dediz, cənablar?
Hələ təqvimin həmin səhifəsinin aşağısında qeyd olunan cümləyə baxın:

“Qarabağ”ın uğurlarında uzun illər komandaya sədaqətlə xidmət etmiş futbolçuların əvəzsiz rolu var”.

Gülməlidi. Çox gülməlidi. Uzun illər? Juninyo ilyarım komandada olub. Sədaqətlə xidmət etmiş? Yüksək maaş eşidən kimi eyforiyaya qapılan, gecələr yata bilməyən Juninyo deyildimi? Nə vaxt klubun əfsanəsi oldu? Bəlkə “Qarabağ”a 5 milyon avro pul qazandırıb deyə əfsanə hesab edirsiz? Elədisə, Kadi də 5 milyon qazandırıb, daha çox oyun keçirib. Amma şübhəsiz, əfsanə deyil. 5 milyon qazandırmaqla klubun əfsanəsinə çevrilmək olursa, mən də belə mötəbər klubun əfsanəsi olmaq istəyirəm, 5 milyonu da bir yerdən tapıb verərəm.
Bu futbolçu Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medved ilə tərəzini eyni gözünə necə qoyula bilər?
Juninyo “Qarabağ”da uğursuz olmayıb. Tarixi nəticələrdə - Avropa Liqasının pley-offuna yüksəlməkdə, 1/8 finalda oynamaqda, orda əzmkar mübarizədə braziliyalının da böyük rolu olub. Amma bu onun qısa müddətdə əfsanəyə çevrilməsi demək deyil. Bu klubun bəlli dəyərləri var, onlara hörmət etmək lazımdı. Heç 100 oyuna çıxmayan birinə necə əfsanə demək olar? Əvvəlcə “Sevilya”dan təklif gəldi, Juninyonun şirin yuxusuna haram qatıldı. Sonra da “Flamenqo”dan.
Daha çox maaş, ölkəsində oynamaq istəyi braziliyalı futbolçunu Cənubi Amerikaya qaytardı. Təklifləri eşidəndən sonra Juninyonun uğurlu oyun sayı sıfra bərabər olub. Bir mövsüm əvvəl “bir ayaqla” çempionatda bombardir olan Juninyo getmək ab-havası olanda heç nə edə bilmirdi. Bəlkə də etmək istəmirdi. Bu da ayrı məsələdi.
Bir sözlə, klubun dəyərlərinə, tarixinə, ənənələrinə hörmət etmək lazımdı. Komandada oynayan hər futbolçuya, yağlı təklif alan kimi qaçan legionerə əfsanə demək olmaz! Bu təqvimi tərtib edənlər belə incə məqamı nəzərə almayıb.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью