Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında işçi görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycanın elektron ixrac sahəsindəki uğurlu modelinin öyrənilməsi və bu təcrübənin Qazaxıstanda yaradılması planlaşdırılan analoji platformada tətbiqi imkanlarının müzakirəsi olub.
Mərkəzi Asiyada rəqəmsal həllərin tətbiqi üzrə qabaqcıl ölkələrdən olan Qazaxıstanın nümayəndə heyəti “Azexport” portalının fəaliyyət mexanizmi ilə yaxından tanış olub. Görüş çərçivəsində “QazTrade”in hüquqi və texniki heyəti portalın idarəetmə prinsipləri, beynəlxalq elektron ticarət təşkilatları ilə inteqrasiya modelləri, eləcə də ixrac sifarişlərinin emalı və logistik idarəetmə prosesləri barədə geniş məlumat əldə ediblər.
XQ xəbər verir ki, tərəflər “Azexport”un formalaşdırdığı rəqəmsal infrastrukturun Qazaxıstanın ixrac potensialına uyğunlaşdırılması və qarşılıqlı texnoloji mübadilə məsələlərini müzakirə ediblər.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın rəqəmsal ixrac platforması kimi formalaşdırdığı modelin beynəlxalq səviyyədə maraqla qarşılanması qürurvericidir: “QazTrade” ilə əməkdaşlığımız sadəcə sənəd üzərində deyil, real texnologiya və təcrübə mübadiləsinə əsaslanır. Məqsədimiz sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, həm də regionda vahid standartlara cavab verən rəqəmsal ticarət ekosistemi formalaşdırmaqdır. Qazaxıstanlı həmkarlarımızla apardığımız texniki müzakirələr və təcrübə mübadiləsi hər iki ölkənin ixrac imkanlarını genişləndirəcək”.
“QazTrade” təşkilatının icraçı direktoru Aynur Amirbekova isə görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayan strukturlara malikdir: “Rəqəmsal ticarətin inkişafı sahəsində ortaq təşəbbüslər regionda bizneslərin rəqabət qabiliyyətini artıracaq. Bu əməkdaşlıq həm “QazTrade”, həm də “Azexport” üçün bilik mübadiləsi baxımından böyük imkanlar açır və ixrac proseslərinin daha çevik idarə olunmasına şərait yaradacaq”.
Tərəflər arasında daha əvvəl imzalanmış Anlaşma Memorandumu çərçivəsində ticarətin təşviqi, rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi və ixracı dəstəkləyən normativ baza üzrə məlumat mübadiləsi nəzərdə tutulub. Hazırkı texniki görüşlər məhz bu memorandumun praktiki icrasının tərkib hissəsidir.
Gələcəkdə tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının inkişaf etdirilməsi, startap ekosisteminin dəstəklənməsi, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlimlərin keçirilməsi istiqamətində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.