AzMİU beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib

28.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) son illər ərzində beynəlxalq ali təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü inkişaf strategiyası həyata keçirir. Bu strategiyanın real və ölçülə bilən nəticələri nüfuzlu beynəlxalq reytinq qurumlarının açıqladığı göstəricilərdə əksini tapır. Belə ki, dünyanın aparıcı ali təhsil reytinq agentliklərindən olan “Quacquarelli Symonds” (QS) tərəfindən elan edilən “QS World University Rankings: Europe 2026” siyahısında AzMİU əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, cari reytinq siyahısına Avropanın 42 ölkəsindən ümumilikdə 958 ali təhsil müəssisəsi daxil edilib. AzMİU 2026-cı il üzrə Avropa reytinqində 476-cı mövqedə qərarlaşıb. Qeyd etmək lazımdır ki, universitet 2024-cü ildə 601+, 2025-ci ildə isə 551–600 aralığında yer alıb. Qısa müddət ərzində əldə olunan bu yüksəliş AzMİU-nun beynəlxalq reytinqlər üzrə ardıcıl, davamlı və strateji inkişaf trayektoriyası üzrə irəlilədiyini aydın şəkildə nümayiş etdirir.

Xüsusilə diqqətçəkən məqamlardan biri cari reytinq dövründə AzMİU-nun üstələdiyi ali təhsil müəssisələrinin faiz göstəricisinin 12,6 faizdən 50,4 faizə yüksəlməsidir. Bu fakt universitetin Avropa ali təhsil məkanında mövqeyinin kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə möhkəmləndiyini, rəqabət qabiliyyətinin nəzərəçarpacaq şəkildə artdığını, AzMİU-da tətbiq olunan strateji idarəetmə modelinin, keyfiyyətyönümlü akademik siyasətin, beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqini göstərən mühüm göstəricidir.

Mübadilə əsasında təhsil alan xarici tələbələrin sayına görə ölkə birincisi olan AzMİU “QS Europe 2026” reytinqi çərçivəsində bir sıra əsas indikatorlar üzrə də müsbət dinamika nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью