AzMİU nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

08.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin üzvlərindən ibarət “Phonix” və “Primetech” komandaları Dünya Robototexnika Çempionatının (WRC) final mərhələsinə vəsiqə qazanıblar.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, komandalar uğurla keçdikləri seçim mərhələləri nəticəsində ikiaylıq tam təqaüdlü təlim proqramına da qəbul olunublar. Bu uğur AzMİU tələbələrinin elmi-texniki sahələrdə yüksək bilik və bacarığa, yenilikçi düşüncə tərzinə və beynəlxalq səviyyədə rəqabət apara biləcək potensiala sahib olduqlarını bir daha nümayiş etdirib.

Azərbaycanı layiqincə təmsil etməyi, beynəlxalq arenada AzMİU-nun adını yüksəklərə qaldırmağı qarşılarına məqsəd qoyan təmsilçilər final mərhələsində “RoboSoccer” kateqoriyası üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, WRC – robototexnika, süni intellekt, mühəndislik və digər texnoloji sahələrdə innovativ gəncləri bir araya gətirən nüfuzlu beynəlxalq müsabiqədir. 16-30 yaş arası iştirakçıların qatıldığı yarışda gənclər komandalar şəklində öz yaradıcılıqlarını və texniki biliklərini nümayiş etdirmək imkanı qazanırlar.

Azərbaycan üzrə final mərhələsinin 2025-ci il iyunun 7-8-də Xankəndi və Bakıda keçirilməsi planlaşdırılır. Bu mərhələdə qalib gələn komandalar avqustun 21-24-də Hindistanda təşkil olunacaq beynəlxalq finalda ölkəmizi təmsil edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью