Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Bakının mərkəzində, “Azneft” dairəsi ərazisində yerləşən yeraltı piyada keçidinin eskalatorlarının uzun müddətdir işləməməsi vətəndaşların narazılığına səbəb olur.
Keçidin kifayət qədər dərin olması və hər gün çoxsaylı piyadaların buradan istifadə etməsi nəzərə alındıqda, eskalatorların fəaliyyət göstərməməsi vətəndaşlar üçün ciddi çətinlik yaradır.
Bəs maraqlıdır, eskalatorların hazırda işləməməsinin səbəbi nədir? Nasazlığın aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Redaktor.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, şəhər ərazisində yerləşən yeraltı və yerüstü piyada keçidlərində eskalatorlarda yaranan nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq təmir işləri həyata keçirilir.
"Qeyd olunan ərazidə eskalatorun nasaz ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac yarandığından, həmin hissənin xaricdən sifarişi təmin edilib. Ehtiyat hissəsi ölkəyə çatdırıldıqdan sonra təmir işləri həyata keçiriləcək və eskalator yenidən işlək vəziyyətə gətiriləcək.
Ehtiyat hissələrinin ölkədə istehsal olunmaması səbəbindən sifariş və çatdırılma prosesi müəyyən vaxt tələb edir".
Xədicə BAXIŞLI