“AzParking” həll yolu ola bilərmi? KONKRET

19.08.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sumqayıtda parklanma problemi sürücülərin əsas narazılıq mənbələrindən birinə çevrilib. Şəhərin mərkəzi ərazilərində və küçələrində bəzi şəxslərin müvafiq səlahiyyətləri olmadığı halda sürücülərdən parklanma adı ilə pul topladığı bildirilir. Həmin şəxslərin isə bu fəaliyyəti şəhər icra hakimiyyətinin müvafiq strukturunun tələbi ilə həyata keçirdiklərini söylədikləri iddia olunur.

Bəs paytaxtdan kənar şəhərlərdə də vahid parklanma sisteminin tətbiqi mümkündürmü? “AzParking” platformasının Sumqayıta inteqrasiyası bu sahədəki xaosu aradan qaldıra bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Sumqayıtın vahid parklanma sisteminə qoşulması mümkündür.

Ekspertin sözlərinə görə, Bakı aqlomerasiyasına Xırdalan və Sumqayıt da daxildir və bu ərazilərdə parklanmanın vahid mexanizm əsasında təşkili məqsədəuyğun olardı:

“Bakı aqlomerasiyası deyəndə məhz Xırdalan və Sumqayıt da nəzərdə tutulur. Onların vahid sistemə qoşulması mümkündür. Bunun üçün artıq müəyyən ekosistem var. “AzParking” sistemi mövcuddur və həmin sistemə əlavə etməklə bu məsələni həll etmək olar.

Üç ildir Bakıda fəaliyyət göstərən sistemin eynisini Sumqayıtda qurmaq və şəhəri “AzParking”ə inteqrasiya etməklə bu məsələni həll etmək mümkündür. Belə olan halda parklanma üzrə vahid qaydalar tətbiq edilər, ödənişlər şəffaf şəkildə həyata keçirilər və səlahiyyəti olmayan şəxslərin küçələrdə nağd pul toplamasının qarşısı alınar”.

Qeyd edək ki, 2026-cı ilin iyununda “AzParking” mobil tətbiqinin yenilənmiş versiyası istifadəyə verilib. Yeni versiyada xəritə əsaslı funksiyalar, real vaxt rejimində aktiv parklanma sessiyalarının izlənilməsi, həmçinin şikayət və təkliflərin tətbiq üzərindən göndərilməsi kimi imkanlar genişləndirilib.

Belə bir sistemin Sumqayıt kimi iri şəhərlərdə də tətbiqi parklanma sahəsində şəffaflığın artırılmasına, ödənişlərin elektronlaşdırılmasına və mövcud xaosun aradan qaldırılmasına xidmət edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью