Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“AzParking” mobil tətbiqinin funksionallığı genişləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, yeniliklər sürücülərin parklanma prosesini daha rahat və operativ həyata keçirməsi məqsədilə tətbiqə əlavə olunub.
Yeni versiyada bir sıra funksiyalar istifadəyə verilib. Belə ki, sürücülər parklanma sessiyasına başlamazdan əvvəl seçdikləri məntəqənin düzgünlüyünü təsdiqləyə biləcəklər. Bu funksiya xüsusilə fərqli tariflərin tətbiq olunduğu yaxın ərazilərdə səhv seçimlərin qarşısını almağa yönəlib.
Bundan başqa, internet bağlantısı kəsildikdə istifadəçilərə xəbərdarlıq göstəriləcək. Yaxınlıqda xidməti avtomobillər üçün nəzərdə tutulan parklanma yerləri barədə bildirişlər də təqdim olunacaq.
Yeniliklər sırasında aktiv parklanma sessiyasını tətbiqi açmadan telefonun kilid ekranından izləmək imkanı da var. Həmçinin istifadəçilər parklanma məntəqələrini daha rahat tapmaq üçün standart xəritə və peyk görünüşü arasında seçim edə biləcəklər.
Bildirilib ki, yeniliklər istifadəçilərin müraciət və təklifləri, eləcə də gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb.
“AzParking” tətbiqinin təkmilləşdirilməsi mərhələli şəkildə davam etdiriləcək.