Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azparkinq" xidmətindən istifadə edən vətəndaşlar yeni problem ilə qarşılaşıblar. Belə ki, sürücülər parklanma üçün lazım olan vəsaiti ödəsələr də, müəyyən hallarda onlara cərimə tətbiq olunur. Problemin səbəbi hər zaman eyni olmur.
Milli.Az xəbər verir ki, sürücülər bildirirlər ki, ödənişi həyata keçirməyə çalışana qədər belə cərimə gəlir:
"Bəzən ödənişi eləsək də görürük ki, cərimə yazılıb. Rəqəmsal sistem xüsusilə yaşlı sürücülər üçün əsl sınağa çevrilib", - deyə sürücülər bildiriblər.
Nəqliyyat eksperti Aslan Əsədov məsələyə münasibət bildirərək qeyd edib ki, qaydalarda müəyyən güzəştlərə ehtiyac var:
"Bəzən ani diqqətsizlik ola bilər və bir neçə dəqiqə ərzində cərimə yazılır. Bəzi hallarda isə internetdə problem yaranır və sistemə giriş çətinləşir".
Sürücülərin ən çox narahat olduğu məsələlərdən biri də avtomobili 24 saatdan artıq saxlamaqlarıdır. Bu halda, vəsaiti ödəsələr belə, cərimə tətbiq olunur.
AYNA-dan bildirilib ki, "Azparkinq" sahələrində sürücülər avtomobilini müvafiq yol nişanının altında göstərilən qaydalara uyğun park etməlidir:
"Parklanma zamanı yol nişanlama xətlərinin tələblərinə mütləq riayət olunmalıdır. Parklanma qaydalarının pozulması digər əngəl və xaotik vəziyyət yaradır. Ödəniş zamanı sürücü avtomobilini park etdikdə dərhal vaxtı aktiv etməli, avtomobil məntəqəni tərk edərkən isə sonlandırmalıdır. Bu prosesin düzgünlüyü sürücünün üzərindədir".
AYNA həmçinin əlavə edib ki, qanunvericiliyə görə parklanma müddəti 24 saatdır. Bu müddət bitdikdən sonra ödəniş yenilənməzsə, cərimə tətbiq olunur.
Aysel Əkbər
Milli.Az