Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Rəsmi məlumatlara görə, 2026-cı il iyulun 1-nə ünvanlı dövlət sosial yardımı alan 78,9 min ailənin 349,3 min üzvü olub. Bir nəfərə düşən orta aylıq yardım məbləği isə 97,9 manat təşkil edib.
Gündəlik ərzaq, kommunal xidmətlər və digər zəruri xərcləri nəzərə alsaq, bu məbləğin aztəminatlı ailələrin ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur. Xüsusilə gəlirləri məhdud olan ailələr üçün sosial yardımın real yaşayış xərclərinə uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Bəs adambaşına düşən 97,9 manat sosial yardım aztəminatlı ailələrin dolanışığı üçün nə dərəcədə yetərlidir?
İqtisadçı Günay Hüseynova AZXEBER.COM-a açıqlamasında deyib ki, sosial yardım vətəndaşların müvəqqəti çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulub:
"Bir məsələni vətəndaşların nəzərinə çatdırım ki, sosial yardım sadəcə onların müvəqqəti olaraq çətin vəziyyətdən çıxmaları və xərclərini qarşılamaları üçündür. Yəni bu ödəniş fiziki məhdudiyyətə görə verilən ömürlük müavinət deyil. Bir gün hansısa qərarla məbləğ dəyişə və tamamilə verilməyə bilər. Əgər şəxsin sağlamlığı imkan verirsə və əmək qabiliyyətli hesab olunursa, deməli, artan xərclər şəraitində əlavə gəlir təmin edə bilər”.
İqtisadçı qeyd edib ki, inflyasiyanın əhalinin büdcəsinə təsiri danılmazdır:
"Artan xərclər məsələsinə gəldikdə isə inflyasiyanın əhalinin büdcəsinə təsiri danılmazdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, ödənişli xidmətlərin qiymətləri isə 5,5 faiz artıb. Eyni zamanda, orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-avqust aylarında 7,2 faiz yüksələrək 1173 manata çatıb”.
Günay Hüseynova adambaşına düşən 97,9 manatın orta statistik göstərici olduğunu vurğulayıb:
"Hər nəfərə düşən məbləğin 97,9 manat təşkil etməsinə gəldikdə isə bu, orta statistik göstəricidir. Yəni bu o demək deyil ki, bir nəfər üçün nəzərdə tutulan məbləğ 97,9 manatdır. Sosial yardım fərdi olaraq şəxsin ehtiyacları və xərcləri əsasında təyin olunur”.
Fəridə Əsədzadə