Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) və “Şəhid analarına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şanlı Zəfər tariximiz” adlı bədii tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə təşkil olunan tədbir əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları AzTU-nun ərazisində yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Şəhid analarına dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətindən danışıb.
Tədbir çərçivəsində “Missiya” adlı qısametrajlı bədii film nümayiş etdirilib. Film nəsildən-nəslə ötürülən tarixi borc, milli yaddaş və vətənpərvərlik missiyası üzərində qurulub. Ekran əsəri “Atalar şəhid olur, oğullar qisas alırlar” devizi ilə xalqımızın milli mücadilə yolunu, Vətən uğrunda mübarizə əzmini və tarixi varislik ənənəsini əks etdirir. Film izləyicilərə Vətənə sədaqət, qəhrəmanlıq və milli məsuliyyət kimi dəyərlərin əhəmiyyətini çatdırır.
Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid İsrail Cəfərzadənin atası Namiq Cəfərzadə, AMEA-nın əməkdaşı Elyar İslamoğlu və şəhid Yunis Abbasovun övladı Arzu Abbasova çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq salnaməsi, milli birlik və həmrəyliyin gücü, şəhidlərimizin əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın göstərdiyi şücaət Azərbaycan xalqının milli yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.
Tədbir Vətənə həsr olunan musiqi nömrələrinin təqdimatı ilə başa çatıb.