Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) İsrailin Bar-İlan Universiteti ilə əməkdaşlığı çərçivəsində AzTU ilə birgə həyata keçiriləcək sənaye doktoranturası modeli ilə bağlı təqdimat edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Texniki Universitetindən məlumat verilib.
Təqdimat mərasimində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov AzTU və Bar-İlan Universitetinin əməkdaşlığı barədə məlumat verib.
Daha sonra Bar-İlan Universitetinin universitet-sənaye əlaqələri üzrə vitse-prezidenti professor Zeev Zalevski sənaye doktoranturası modeli ilə bağlı təqdimat edib.
Sənaye doktoranturası müasir beynəlxalq doktorantura modelidir. Bu model çərçivəsində doktorantura tədqiqatı birbaşa şirkətin real texnoloji, istehsalat və ya idarəetmə məsələsi ilə əlaqələndirilir. Təklif olunan modeldə magistr dərəcəsinə və müvafiq peşəkar təcrübəyə malik şirkət əməkdaşı müəssisə üçün aktual olan mövzu üzrə doktorluq tədqiqatı aparır və bu prosesdə Bar-İlan və AzTU-nun mütəxəssisləri tərəfindən birgə elmi rəhbərlik və ekspert dəstəyi alır.
Sənaye doktoranturasının şirkətlər üçün yaratdığı imkanlara texnoloji və istehsalat problemlərinin elmi tədqiqatlar vasitəsilə həlli, perspektivli mühəndis və menecerlərin peşəkar və elmi potensialının artırılması, beynəlxalq elmi tədqiqatlara çıxış, yeni texnologiya, məhsul və həllərin yaradılması, eləcə də şirkətlərin elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi daxildir.
Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.