Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin noyabr ayından etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ötən ilin son aylarının qonararını ala bilmir.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir ki, buna səbəb qurumun qonorar sistemindən maaş sisteminə keçməsidir.
Bu keçid isə əmək haqqı xərclərində qeyri-müəyyənlik və sistemsizlik yaradıb.
“Aylıq maaşa möhtac və kredit borcu olan çoxsaylı əməkdaş isə çıxılmaz duruma düşüb. Sədr Rövşən Məmmədova edilən müraciətlər isə cavabsız qalır” deyə AzTV əməkdaşları bildirir.
Xatırladaq ki, Hesablama Palatasının apardığı audit nəticəsində AzTV-də çoxmilyonluq maliyyə pozuntusu aşkarlanıb.
Audit nəticəsində “AzTV”də 26 milyonluq maliyyə pozuntusu aşkarlanıb.
Məlum olub ki, “AzTV” əməkhaqqı formasında ödənilməli olan vəsaitləri qanunsuz olaraq, qonorar adı ilə rəsmiləşdirib.
Ümumilikdə, 26 milyon manat dəyərindəki maliyyə pozuntusu 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat təşkil edib.
Nəticədə, icbari sosial ödənişlər tam verilməyib, işçilərin sosial təminat hüquqları pozulub.
Afət Abbasova
Gununsesi.info