Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, İlkin Süleymanovun 2020-ci il yanvarın 6-dan 10-na qədər 4 gün ərzində rəsmiləşmə aparılmadan qanunsuz saxlanması, bu müddətdə işgəncəyə məruz qalması ilə bağlı vəkillərinin göndərdiyi birinci şikayət üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Vəkil bildirib ki, şikayətdə İlkin Süleymanovun yanvarın 6-dan 4-nə qədər Tovuz Rayon Polis Şöbəsində heç bir qərar olmadan saxlandığı göstərilib. Həmçinin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və daha sonra istintaq müddətində bir neçə dəfə uzadılması üçün əsaslar olmadığı qeyd olunub. İlkin Süleymanov 4 gün polis şöbəsində saxlandıqdan sonra işgəncə altında törətmədiyi cinayəti üzərinə götürdüyünü bildirib.
Vəkillər Avropa Məhkəməsinə göndərdikləri ərizədə həm də təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayətləniblər. Qeyd ediblər ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda İlkin Süleymanovun təqsirsizlik prezumpsiyası hüququ pozulub.
Müdafiəçilər əlavə ediblər ki, onların şikayətləri ilə bağlı ölkə daxilindəki məhkəmələr səmərəli araşdırma aparmayıb, obyektiv qərar çıxarmayıblar.
Avropa Məhkəməsi İlkin Süleymanova münasibətdə Avropa Konvensiyasının 3 (işgəncəyə məruz qalmamaq hüququ), 5 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun olub-olmamasına dair suallar ünvanlayıb.
Qeyd edək ki, İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən isə Avropa Məhkəməsinə hələ şikayət göndərilməyib. Çünki hökmdən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayətlər üzrə ölkə daxilində yekun qərar təxminən ay yarım əvvəl çıxarılıb. Dekabrın 23-də Ali Məhkəmədə bu işə baxıldı və İlkin Süleymanovun şikayəti təmin olunmadı.
Avropa Məhkəməsinə şikayət etmək üçün həmin məsələ ilə bağlı ölkədaxili bütün məhkəmə instansiyalarını keçib, qərarlarını əldə etmək tələb olunur.
İlkin Süleymanovun yaxınları və vəkilləri onun təqsirsiz olduğunu, 6 ildir törətmədiyi cinayətə görə cəza çəkdiyini deyir.
Vəkillər bildirib ki, onun yanvarın 6-da – evlərinin qarşısında yanan meyiti gördüyü gündən yanvarın 10-na qədər polis şöbəsində qanunsuz saxlandığını təsdiqləyən məhkəmə qərarı da var. Hətta buna görə işin istintaqını aparmış müstəntiq Nadir Mirzəyev haqqında xüsusi qərar da çıxarılıb.
Xatırladaq ki, azyaşlı Nərmini oğurlayıb qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov 2020-ci il yanvarın 6-da – Dondar Quşçu kəndində yanmış meyit tapılan gündən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
İlkin Süleymanov ittihamı qəbul etmir, işgəncə altında etiraf ifadəsi verdiyini deyir. O bildirib ki, azyaşlı Nərminin övladlığa götürmək məqsədilə 47 gün onların evində olması, onu öldürməsi və meyitini yandırması barədə ittihamda yazılanların hamısı yalandır.
Baş Prokurorluq isə İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, prokurorluqdan bildirilib ki, işgəncə barədə deyilənlər araşdırılıb və iddialar təsdiqini tapmayıb.
Aytən, Bizimyol.info