Azyaşlılar rəqəmsal mühitə çıxışa hazır deyillər

09.06.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onları bu sahədəki təhlükədən qorumaq üçün qanun layihəsi hazırlanır

Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni qanun layihəsində bu sahədə qanuni tənzimlənməni nəzərdə tutan bir sıra vacib amilləri əks etdirir. İlk növbədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Yeni qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında qeydiyyatının qanunvericiliyə uyğun tənzimlənməsini də nəzərdə tutur. Aydın məsələdir ki, burada ilk növbədə övladlarımızın sağlamlığı və rifahı əsas götürülməlidir. Onlar gələcəklərini heç də sosial şəbəkələrdən asılı olaraq qurmamalıdırlar. Burada məsuliyyətin ağırlığı, əlbəttə ki, valideynlərin üzərinə düşür. Məhz onlar uşaqların rəqəmsal mühitdə fəaliyyətlərinə, sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən övladlarını qorumağa məsuldurlar. Bəli, rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün olduqca vacib amil olmaqla yanaşı, dövlətin rəqəmsal inkişaf siyasətində azyaşlıların mühafizəsi prioritet məsələlərdən sayılır. Bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi isə günün tələbinə çevrilib.

***

MM-in plenar iclasında müzakirə olunacaq yeni sənədin əsas anlayışlarına bir sıra əlavələrin edilməsi irəli sürülür. 1. Sosial şəbəkə platforması – istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi. 2. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (bundan sonra – platforma) – yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi. 3. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (bundan sonra – provayder) – platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs. 4. Fərdi rəqəmsal hesab – fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.

***

Oxucuların nəzərinə çatdıraq ki, yeni qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Yeni qanun qadağadan daha çox uşaqlar üçün yeni imkanlar yaradan sənəd kimi cəmiyyətə kommunikasiya edilməlidir. Məsələnin bu aspekti müzakirələrdə xüsusi olaraq vurğulandı. Milli Məclisin 3 komitəsinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, övladlarımızın internetdə kifayət qədər vaxt keçirdikləri məlum məsələdir, amma məktəbdə verilən tapşırıqların həll edilməsi üçün uşaqlar internetə daxil olmalı və lazımlı resurslardan faydalanmalıdırlar: “Biz rəqəmsal mühitdə maarifləndirici resurslarımızın sayını artırmalıyıq. Rəqəmsal reallıq heç də təhdidlərlə dolu deyil. Onun pozitiv tərəfləri kifayət qədər genişdir. Bizi sevindirən məqam odur ki, insanlar artıq informasiyanın passiv şəkildə istifadəçisi deyillər, eyni zamanda, informasiyanı istehsal edirlər. Bu, rəqəmsal və texnoloji inqilabi dəyişiklikdir”.

Nə gizlədək, virtual məkanda, sosial platformalarda milli mentalitetimizə zidd mənəvi və əxlaqi keyfiyyətləri aşılayan kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizmin təbliğatı və s.) sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilir. İnternetdən asılılıq, yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına və davranışına mənfi təsir göstərir. Digər tərəfdən, kibercinayətkarlar tərəfindən hədə-qorxu, təcavüz kimi psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlərin texnoloji yöndən həlli nə qədər vacibdirsə, hüquqi nöqteyi-nəzərdən tənzimlənməsi ondan daha önəmlidir.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью