Azyaşlıların cinayətə meyilli olmasının səbəbi neqativ qrupların təsiridir MÜTƏXƏSSİS RƏYİ

03.02.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son dövrlərdə azyaşlıların cinayətə meyilliliyi məsələsi ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hər gün xəbər portallarında və yerli mətbuatda yeniyetmələr arasında oğurluq, qəsdən xəsarət yetirmə və digər cinayət halları ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Cəmiyyətdə bu tip mənfi halların azyaşlılıar arasından başlaması təəssüf hissi doğurur. Bəs görəsən buna səbəb nədir?

Məsələ ilə bağlı Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, azyaşlı uşaqlarda cinayətə meyillilik çox vaxt bir simptomun göstəricisi olur. Yəni, uşağın içində baş verən duyğusal, münasibət və inkişaf problemlərinin xarici əksidir:
“Əsas psixoloji faktorlar isə bağlanma travmaları və emosional laqeydlik ola bilər. Uşaq özünü təhlükəsiz hiss etmirsə, valideyn qayğı və diqqət göstərmirsə, düzgün bağlanmanı qura bilmirsə, aressiya və müəyyən fərqli pozuntular müşahidə olunur. Bu zaman uşaqlarda daxili boşluq və dəyərsiz hiss etmə riski yaranır və onların davranışına təsir edir. Daimi tənqid, hörmətsizlik və evdə zorakılıq halları da varsa, uşaq reallığı aqressiya vasitəsilə öyrənir. Uşaq gördüyünü model kimi qəbul edir və zorakılıq davranışını öyrənilmiş hala çevirir. Çünki artıq bu onun üçün normal vəziyyətə çevrilir. Unutmaq olmaz ki, duyğular genetik faktorlardan asılı ola bilər, amma əsasən öyrənilir. Yaşadığımız mühitdə ən çox müşahidə etdiyimiz duyğuları biz də öyrənirik və əks etdiririk. Emosiyaları idarə edə bilməyən, özünü tənzimləmə bacarığı zəif olan uşaqlar hisslərini idarə edə bilmədikləri üçün ani partlayışlar yaşayır, qəzəb, oğurluq, yalan kimi davranışlara daha çox meyilli olurlar. Diqqət çatışmazlığı və hiperaktivlikdə də oxşar hallar müşahidə olunur. İmpulsivlik yüksək olduqda uşaq nəticəni düşünmədən hərəkət edir. Riskli qruplara qoşulmaq və qayda pozmaq impulsiv uşaqlarda daha çox görülür. Sevgi ehtiyacının qarşılanmadığı təqdirdə, uşaq sevilmədiyini və dəyər görmədiyini hiss edirsə, davranışlarla diqqət qazanmaq mexanizmini işə salır. Bu zaman uşaqda davranış pozuntuları, xüsusilə dağıdıcı davranışlar aktivləşir və yeniyetmə dövründə antisosial davranışlar müşahidə oluna bilər. Neqativ davranışlarla qrupa qoşulmaq adətən uşaqda psixoloji səbəblərlə bağlıdır. Aid olma ehtiyacı, öz dəyərini hiss etmək, təzyiqdən qaçmaq, emosional boşluq, model öyrənmə və s. Uşaqlar üçün bir qrupa məxsus olmaq həyati əhəmiyyət daşıyır. Evdə və ya məktəbdə özlərinə aid hiss edə bilməyən uşaq, özünü daha çox qəbul edən neqativ qruplara yaxınlaşır, çünki orada tamamlandığını düşünür. Belə qruplar uşaqlara “biz sənin yanındayıq, sən güclüsən” kimi mesajlar verir və duyğuları ötürür. Bu, uşağın özünü inamlı hiss etməsinə səbəb olur. Buna görə də azyaşlıların cinayətə meyilli olması onların pisləşmiş uşaq olması demək deyil, əksinə, yaralanmış, yönləndirilə bilməmiş və emosional ehtiyacları qarşılanmamış uşağın çağırışıdır. Bu davranışın kökündə həmişə eşidilmə, görülmə və anlaşılma ehtiyacı dayanır”.

Sosioloq Rəvan Əliyevin fikrincə, cəmiyyətdə sosial quruluş pozulanda, yəni ailə zəifləyəndə, işsizlik, yoxsulluq, valideyn nəzarətsizliyi artanda ən tez təsirlənənlər uşaqlar və yeniyetmələr olur:
“Uşaq ailədə diqqət, qayğı və nəzarət görmürsə, küçədə öz yerini axtarmağa başlayır. Küçə isə hər zaman düzgün yol göstərmir. Beləliklə, azyaşlı cinayətə daha yaxın olur. Neqativ subkulturalar, yəni kriminal qruplar, aqressiv dəstələr, sosial şəbəkələrdə zorakılığı qəhrəmanlıq kimi göstərən çevrələr azyaşlıları çox asan cəlb edir. Çünki bu qruplar uşağa hörmət, güc, aidiyyət hissi verir. Uşaq evdə tapmadığını orada tapdığını düşünür. Halbuki bu, onu həm cinayətə, həm də gələcəkdə ciddi problemlərə aparan yoldur. Təkcə cəza problemi həll etmir. Qorxutmaq uşağı düz yola gətirmir, əksinə, onu daha da aqressivləşdirə bilər. Ən təsirli yol sosial dəstəkdir. Yəni azyaşlı cinayətinin qarşısını almaq üçün uşağı cəzalandırmaqdan çox, onu itirməmək lazımdır”.
Nurcan Babək

Oxunub 28

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью