Babək rayonunun Hacıvar kəndində yeni məktəb binası istifadəyə verilib

30.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 30 yanvar, AZƏRTAC

Babək rayonunun Hacıvar kəndində yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov açılış tədbirində iştirak ediblər.

Baş nazirin birinci müavini Elşad Əliyev məktəbin pedaqoji kollektivi ilə görüşdə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində təhsilin inkişafı prioritet istiqamət kimi əsas yer tutur. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev təhsil sistemini müasir dövrün tələbləri əsasında inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə bu sahədə ardıcıl dövlət proqramları icra edilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, pedaqoji heyətin peşəkarlığının artırılması və rəqəmsal təhsil texnologiyalarının tətbiqini hədəfləyən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası da uğurla davam etdirilir. Bütün bunlar muxtar respublikada təhsilin keyfiyyətinin, eləcə də qəbul göstəricilərinin daha da artmasına öz müsbət təsirini göstərir.

Elşad Əliyev son illər Naxçıvanda yüksək nəticələri ilə fərqlənən məktəblərdən biri kimi Hacıvar kənd tam orta məktəbinin kollektivini uğurlu fəaliyyəti və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektivi təbrik edib, fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Müəllimlərdən Rəfiqə Sadiqova kollektiv adından yaradılan şəraitə görə minnətdarlıq edib, yeni və müasir imkanlardan səmərəli istifadə edərək təhsil uğurlarını daha da artıracaqlarını bildirib.

Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.

Bildirilib ki, foyedə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil ictimaiyyəti ilə görüşləri və bu sahədə həyata keçirilən islahatları əks etdirən fotoguşələr yaradılıb.

Məlumat verilib ki, Hacıvar kənd tam orta məktəbinin binası 456 şagird yerlikdir. İki mərtəbədən ibarət olan məktəb binası 3 əsas, 1 köməkçi korpusdan ibarətdir. Burada proyektorla təmin olunmuş 19 sinif otağı, STEAM, hərbi, kimya, biologiya və fizika kabinələri, laboratoriyalar, əmək otaqları, kompüter sinifləri, akt zalı, müəllimlər otağı, kitabxana, bufet, geniş idman zalı istifadəyə verilib. Müasirtipli siniflər, kabinə və laboratoriyalar tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək. Məktəbin həyətində qazanxana, qapalı su hovuzu və minifutbol meydançası quraşdırılıb. Bina daxili və xarici nəzarət kameraları ilə təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью