Babəlini bir qız məhv etdi, küçələrdə qalmışdı... Məhkəmə

30.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Aruz Əliyev ifadə verib.

O bildirib ki, Babəli Babazadə və onun ailə üzvləri ilə əvvəlcə həkim-xəstə münasibətində olub, sonra münasibətləri istiləşib, ailəvi gediş-gəlişləri yaranıb:

"Babəlinin anasına "ana" demişəm. Babəlinin birgə yaşadığı qız dərman içərək zəhərlənmişdi. Anası xahiş etdi ki, ona kömək edim. Əlimdən gələn köməyi etdim. Mən Babəliylə qardaş kimiydim. Hər dəfə dara düşəndə yanında olurdum".

Aruz Əliyevin sözlərinə görə, ehtiyacı olduğu üçün Babəliyə 40 min dollar verib, çünki ona heç bir qohumu sahib durmur, kömək etmirmiş:

"Babəlini yaşadığı qız məhv etdi, pullarını yeyib dağıtdı. Babəli otelin pulunu ödəyə bilmədi, onu qaldığı yerdən çıxardılar. Küçədə qalırdı, ona yenə mən yardım elədim".

Aruz Əliyevin ifadəsinə görə, Babəli Babazadənin torpaq sahəsinin satılmasında iştirak edib, amma sənəd olmadığı üçün torpağı satmaq mümkün olmayıb:

"Daha sonra Babəli "Montin" qəsəbəsində olan ofisin satılmasını, mənim də alqı-satqıda iştirakımı istədi. Həmin dövrdə mənə başqa bir işlə bağlı etibarnamə vermişdi.

Babəli Türkiyədə olduğu üçün məndən xahiş etdi ki, ona kömək edim. Obyekt Babəlinin adına deyildi, onu Nofəl adlı bir nəfər satırdı. Nöfəlin kim olduğunu soruşanda, Babəli dedi ki, tanışımdır. Notariusun yanında soruşdular ki, sənə etibarnamə verilib? Dedim, yox. Alqı-satqı alınmadı. Ümumiyyətlə obyektin qiymətləndirilməsini Babəli özü təklif etmişdi. Əvvəlcə obyekti başqa qiymətə, sonra isə 280 min manata satılmasını təklif etdilər. Mən də soruşdum ki, bu qiymətdən obyekt sahibinin xəbəri var? Dedim, obyekti bu qiymətə satılması düzgün deyil".

Təqsirləndirilən şəxs bildirib ki, Babəli Türkiyədə fabriklə danışdığını, findıq alveri ilə məşğul olacaqlarını deyib:

"Mən onda Qəbələ rayonunda idim. Babəli həmin biznesdə mənim də iştirak etməyimi istədi. Razılaşdım, sərmaya qoymaq istədim. Hətta fındığın nümunəsini də göndərdik. Mən 220 min manat sərmayə qoydum. Babəli də pul qoymuşdu".

Aruz Əliyev ifadəsində Türkiyədə Babəlinin Nofəl adlı şəxslə saxta pul alverinə girişidiyini, sonradan onların işləri ilə maraqlanmadığını deyib.

Növbəti proses noyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur. Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödəməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

Aruz Əliyev özü həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb.

Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью