Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindən olan Amina Nuryeva ABŞ-ın ən nüfuzlu və ən çətin qəbul olunan ali təhsil müəssisələrindən biri sayılan Vaşinqton Universitetinin (University of Washington) Medical (Tibb) Universitetinə qəbul olunub.
Gununsesi.info bildirir ki, hər il bu universitet üçün on minlərlə abituriyent müraciət edir. Çoxmərhələli seçim və ciddi akademik tələblər nəticəsində statistikaya əsasən cəmi 150–250 nəfər qəbul olunur. Vaşinqton Universitetində qəbul faizi təxminən 5% təşkil edir, bu isə onun dünyanın ən selektiv universitetlərindən biri olduğunu bir daha sübut edir.
Amina Nuryeva bu uğura yalnız öz biliyi, zəhməti və yüksək intellekti hesabına nail olub. O, minlərlə namizəd arasından seçilərək həm ailəsinin, həm Gürcüstanda yaşayan azərbaycanlıların, həm də bütün Azərbaycan gənclərinin qürur mənbəyinə çevrilib.
Qeyd edək ki, Amina Nuryeva iki il əvvəl Amerikada pilot olan soydaşımız Əsmər Nuryevanın böyük bacısıdır. Bu ailənin yetişdirdiyi iki uğurlu xanım Azərbaycan gəncləri üçün parlaq nümunədir.
Afət Abbasova
Gununsesi.info