Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Avstraliyada adi bağ evi tikintisi zamanı təsadüfən aşkar edilən daş parçasının içərisindən 240 milyon il əvvələ aid qədim canlı fosili tapılıb. Alimlər araşdırma nəticəsində qalıqların dinozavrlardan əvvəl yaşamış nəhəng amfibiyaya məxsus olduğunu müəyyən ediblər.
“Cebheinfo.az” xəbər verir ki, qeyri-adi tapıntı 1990-cı illərdə Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verib.
Təqaüddə olan quşçuluq fermeri Mihail Mihailidis həyətində bağ divarı tikdirmək üçün yaxınlıqdakı karxanadan daş materialları alıb. Tikinti zamanı daşlardan birinin üzərində qəribə izlər diqqət çəkib. Daşı daha yaxından araşdırdıqda onun içərisində qədim canlıya aid skelet qalıqlarının olduğu məlum olub.
Fermer tapıntı barədə Avstraliya Muzeyinə məlumat verib və fosili elmi araşdırmalar üçün muzeyə təhvil verib.
Uzun müddət tədqiqatçıların diqqətində olan fosil sonradan Avstraliya Muzeyi və Yeni Cənubi Uels Universitetinin alimləri tərəfindən ətraflı araşdırılıb. Nəticədə onun əvvəllər elmə məlum olmayan bir növə aid olduğu müəyyənləşdirilib. Qədim canlıya “Arenaerpeton supinatus” adı verilib.
Alimlərin qənaətinə görə, bu amfibiya təxminən 240 milyon il əvvəl, Trias dövründə indiki Sidney hövzəsinin ərazisindəki şirin su çaylarında yaşayıb. Uzunluğu təxminən 1,2 metr olan canlı əsasən balıqlarla qidalanıb.
Fosilin ən maraqlı xüsusiyyətlərindən biri onun olduqca yaxşı qorunmasıdır. Belə ki, daşın daxilində canlının demək olar ki, bütöv skeleti, eləcə də dərisinin konturları saxlanılıb. Tədqiqatçılar bildirirlər ki, baş və bədən hissələrinin birlikdə qorunduğu, üstəlik yumşaq toxuma izlərinin də qaldığı fosillərə nadir hallarda rast gəlinir.
Qədim amfibiyanın xarici görünüşünün müasir Çin nəhəng salamandrasına bənzədiyi bildirilir. Bununla belə, onun daha iri bədən quruluşuna və ağız boşluğunda iki böyük, dişə bənzər çıxıntıya malik olduğu müəyyən edilib.
Qeyd edək ki, tədqiqatın nəticələri “Journal of Vertebrate Paleontology” elmi jurnalında dərc olunub. Alimlər bu tapıntını Avstraliyanın son onilliklərdə aşkar edilmiş mühüm paleontoloji nümunələrindən biri hesab edirlər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin