Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Alimlər yeni araşdırmada yuxu zamanı aparılan müayinənin ürək-damar xəstəlikləri riskini illər öncədən müəyyənləşdirməyə kömək edə biləcəyini aşkar ediblər.
"Yeni Sabah" xəbər verir ki, tədqiqatçılar yuxu zamanı qeydə alınan elektrokardioqram (EKQ) göstəricilərinin süni intellekt vasitəsilə təhlilinin ürək xəstəliklərinin uzunmüddətli riskini proqnozlaşdırmaq üçün istifadə oluna biləcəyini müəyyən ediblər.
Polisomnoqrafiya yuxu apnesi və digər yuxu pozuntularının diaqnostikası üçün tətbiq edilən standart müayinə üsuludur. Müayinə zamanı ürəyin elektrik fəaliyyətini qeydə alan EKQ məlumatları da toplanır. Lakin bu göstəricilər adətən ətraflı təhlil edilmir. Sezar pizza
Yeni araşdırmada alimlər həmin məlumatlardan istifadə etməklə ürək ritminin pozulması, infarkt və insult kimi ürək-damar problemlərinin növbəti 10 il ərzində yaranma riskini əvvəlcədən müəyyənləşdirməyin mümkünlüyünü araşdırıblar.
Tədqiqat çərçivəsində süni intellekt modeli ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Ümumi Xəstəxanasında müayinə olunmuş 15 mindən çox pasiyentin məlumatları əsasında öyrədilib. Daha sonra model Atlanta şəhərindəki Emori Universiteti Xəstəxanasından 9 800-dən çox, Bostondakı Bet İsrail Deakoness Tibb Mərkəzindən isə 12 500-dən çox pasiyentin məlumatları üzərində sınaqdan keçirilib.
Sleep elmi jurnalında dərc olunan araşdırmada bildirilir ki, yuxu mərhələləri barədə məlumatlarla birlikdə gecə ərzində qeydə alınan EKQ göstəricilərinin dərin öyrənmə üsulları ilə təhlili ürəkdəki anormallıqların müəyyənləşdirilməsinə imkan verə bilər.
Alimlər müəyyən ediblər ki, süni intellekt modeli insanları uzunmüddətli ürək-damar xəstəlikləri riskinə görə müxtəlif qruplara ayıra bilir. Yaş, cins, bədən kütlə indeksi, şəkərli diabet və yüksək qan təzyiqi kimi risk amilləri nəzərə alındıqdan sonra da modelin gələcəkdə infarkt və ürək ritminin pozulması ehtimalını proqnozlaşdırmaq qabiliyyəti qorunub.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşmanın polisomnoqrafiya müayinələrinə inteqrasiyası ürək-damar xəstəliklərinin riskinin daha erkən müəyyənləşdirilməsinə, diaqnostika prosesinin təkmilləşdirilməsinə və pasiyentlərə fərdi yanaşmanın gücləndirilməsinə kömək edə bilər.
Bununla belə, alimlər bu üsulun klinik praktikada geniş tətbiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Süni intellektin verdiyi proqnozlar həkim müayinəsini əvəz etmir.