Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam və balanslı qidalanmasının təmin edilməsi vacib məsələlərdən biridir. Bağçalarda təqdim olunan yeməklər uşaqların yaş xüsusiyyətlərinə və inkişaf ehtiyaclarına uyğun hazırlanmalıdır. Menyular əvvəlcədən müəyyən edilmiş qidalanma normaları əsasında tərtib edilməli, vitamin və mineral balansı nəzərə alınmalıdır”.
Bu fikirləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, istər dövlət, istərsə də özəl məktəbəqədər təhsil müəssisələrində yeməklərin hazırlanmasında təbii və təzə ərzaqlardan istifadə olunmalı, uşaqların sağlam böyüməsi və inkişafı üçün zəruri qida maddələri təmin edilməlidir:
M.Hüseynova qeyd edib ki, bağçalarda qidalanma prosesinə həm müəssisə rəhbərliyi, həm də aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi nəzarət həyata keçirilməlidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi, məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlar və qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqanların nəzarəti mühüm əhəmiyyət daşıyır.
Ekspert diqqətə çatdırıb ki, nəzarət tədbirləri yalnız təqdim olunan menyular və yeməklərin keyfiyyəti ilə məhdudlaşmamalıdır. Eyni zamanda, qidaların hazırlanmasında iştirak edən personalın da mütəmadi tibbi müayinədən keçməsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması təmin edilməlidir.