Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İraqın paytaxtı Bağdadda keçirilən 27-ci Beynəlxalq Kitab Sərgisi bu il geniş beynəlxalq iştirakı ilə diqqət çəkir.
Anadolu Agentliyinin məlumatına görə, sərgidə dünyanın 28 ölkəsindən 600-dən çox yerli, ərəb və beynəlxalq nəşriyyat və qurum iştirak edir. Təşkilatçılar bildirirlər ki, bu göstərici sərginin tarixində ən yüksək beynəlxalq iştirak səviyyəsidir.
Sərgidə 17 ərəb və 11 qeyri-ərəb ölkəsi təmsil olunur. Müxtəlif ölkələrin nəşriyyatları öz ədəbi, elmi və mədəni nəşrlərini təqdim edir, oxucular isə müxtəlif dillərdə çap olunan çoxsaylı kitablarla tanış olmaq imkanı əldə edirlər. Tədbirdə kitab təqdimatları ilə yanaşı, müxtəlif mədəni proqramların keçirilməsi də nəzərdə tutulub.
Agentliyin məlumatına əsasən, builki sərgi sentyabrın 2-də fəaliyyətə başlayıb və 12 sentyabradək davam edəcək. Təşkilatçılar tədbirə oxucuların marağının yüksək olduğunu, xüsusilə yeni nəşrlərlə tanış olmaq və kitab əldə etmək istəyən ziyarətçilərin sayının artdığını bildirirlər.
Bağdad Beynəlxalq Kitab Sərgisinin geniş coğrafi iştirakı yalnız nəşriyyat sahəsində əməkdaşlıq baxımından deyil, müxtəlif ölkələr arasında mədəni və intellektual əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. 600-dən çox nəşriyyat və qurumun bir araya gəlməsi kitabın müxtəlif cəmiyyətlər arasında bilik və fikir mübadiləsində mühüm vasitə olaraq qaldığını göstərir.
Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi bir vaxtda belə tədbirlərin keçirilməsi mütaliə mədəniyyətinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kitab yalnız informasiya mənbəyi deyil, həm də tarixi yaddaşın, milli-mədəni dəyərlərin və elmi fikrin nəsildən-nəslə ötürülməsinin mühüm vasitəsidir.
Bağdadda keçirilən sərgi bu baxımdan müxtəlif xalqların ədəbiyyatının, elmi fikrinin və mədəni irsinin bir məkanda təqdim olunmasına imkan yaradır. Nəşriyyatlar arasında yeni əlaqələrin qurulması, müəllif və oxucuların görüşməsi, müxtəlif ölkələrin kitab bazarlarının qarşılıqlı tanınması da tədbirin əhəmiyyətini artırır.
Builki göstəricilər onu deməyə əsas verir ki, Bağdad Beynəlxalq Kitab Sərgisi regionun mühüm mədəni platformalarından birinə çevrilməkdədir. Sərgidə iştirak edən ölkələrin və nəşriyyatların sayının artması isə beynəlxalq mədəni dialoqa marağın davam etdiyini göstərir.
N.Adilqızı
XQ