Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İraqın Baş naziri Əli əl-Zeydinin göstərişinə əsasən, İraq hökuməti İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini növbəti xəbərdarlığa qədər bağlayıb. Qərar Bağdadın İranın İraq ərazisindən Səudiyyə Ərəbistanına edilən hücumlarda iştirakına dair dəlillər əldə etməsindən sonra verilib. İraq tərəfi İranın Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə hücumda iştirak etdiyini, həmçinin dron komponentlərinin İraq ərazisinə gətirildiyini və sonradan hücumlarda istifadə olunduğunu iddia edir.
Bu qərar İraq-İran münasibətlərinə necə təsir edəcək?
Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, İraqda baş verən son həmləni Türkiyə və Səudiyyə Ərəbistanı ilə normallaşma prosesinin növbəti mərhələsi kimi qiymətləndirmək olar:
"Düşünürəm ki, bu həmləyə İraqın uzun müddətdir Türkiyə və Səudiyyə Ərəbistanı ilə normallaşma, İranla isə müəyyən qədər münasibətlərin soyuması prosesinin növbəti mərhələsi kimi baxa bilərik. Bu proses artıq uzun müddətdir davam edirdi. Bir tərəfdən İran dəstəkləyən qüvvələr, xüsusilə Həşdi-Şabi və İrana yaxın digər siyasi qüvvələr, hərbi birliklər hökumət üzərində böyük təzyiq qurmuşdu. Digər tərəfdən isə İraq daxilində ölkənin müstəqil hərəkət etməsi, bir dövlət kimi qonşuları və digər ərəb ölkələri ilə münasibətlərə yenidən baxması, Qərblə münasibətləri yumşaltması ilə bağlı fikirlər ortaya çıxırdı. Yəni İraq öz suverenliyinə yenidən hakim olmaq istəyirdi. Biz bunun ilkin elementlərini artıq görmüşdük".
Turab Rzayev, politoloq
Müsahibimiz hesab edir ki, İraqda İranı dəstəkləyən qüvvələr çox olsa da, Nuri əl-Malikinin baş nazir olmasına imkan verilmədi. Buna xüsusi şəkildə qarşı çıxdılar.
"Əslində Nuri əl-Maliki Trampın onun namizədliyini qəbul etdiyini açıqlamışdı ki, İraq cəmiyyətinə "Amerika məni qəbul edir" mesajını versin. Yenə də xeyri olmadı və baş nazir seçilə bilmədi", - deyə Turab Rzayev bildirib.
Gülşən Şərif