Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Şamaxı” Misli Premyer Liqasında ikinci qələbəsini qazandı. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə üç xala sevindi – 2:1.
Matçın taleyi ilk hissədə həll olundu. Tərəflərin qarşılıqlı qollarından sonra fasiləyə qədər hesabda önə keçən “Şamaxı” sona qədər üstünlüyünü qoruya bildi.
Ardıcıl beş səfər matçından sonra Şamaxıya qayıdan “şirlər” qələbə qazanaraq fanatlarını sevindirdi. Milli fasiləyə 9 xalla 6-cı sırada girən bölgə təmsilçisi bu nəticələrdən məmnun olmalıdır.
Oyunsonrası dəhlizdə “Şamaxı” cəbhəsinin üzündəki təbəssümdən də hiss olunurdu, qələbə komandaya sevinc bəxş etmişdi. Klubun rəhbəri Elçin Usub da açıqlamasında nəticədən məmnunluğunu bildirdi.
Azər Bağırov bəxti gətirməyən məşqçilərdəndir. Aşağı büdcəli komandalarla nəticə verməyi bacaran mütəxəssis hələ TOP klubların “gözünə girə bilməyib”. Bu mövsüm “Şamaxı”nın “sükanı arxasında” sabiq klubları “Kəpəz” və “Araz-Naxçıvan”ı məğlub etməklə bir daha göstərdi ki, ona vaxtında dəyər verilməyib. Bəlkə də, bu qələbələr Bağırovun bir növ sübut ismarışıdır.
“Araz-Naxçıvan” isə “zirzəmi”də məskunlaşıb. 6 turda cəmi 2 xal toplayan naxçıvanlılar oyun planında da axsayır. Komandanın orta xətti yox kimidir. Edilən hücumlar uzun ötürmələr və ya sürətli cinah reydləri ilə alınır.
“Şamaxı” ilə matçda son dəqiqələrdə bir-iki epizodda qola yaxın olan “qırmızılar”ın bir xala gücü çatmadı. Oyunun sonlarında “şirlər” daha gümrah göründü.
Cavid Hüseynov matçdan sonra açıqlamasında komandanın yeni transferlərə ehtiyacının olduğunu bildirdi. Yay hazırlığında ötən mövsümün heyətinin 90 faizini dəyişən “Araz-Naxçıvan”da görünür, hələ də çatışmazlıqlar var. Demək olar ki, hər mövqedə azı iki futbolçu çıxış edir. Buna baxmayaraq, yeni transferlərdə keyfiyyət hiss olunmur. Ola bilsin, məhz bu məqam güclənməyə zərurət yaradır.
Qarşıda iki həftəlik fasilə var. Hüseynov bu müddətdən maksimum faydalanmaq məcburiyyətindədir. Əks halda, növbəti məğlubiyyət mütəxəssisin klubdan ayrılması ilə nəticələnə bilər.
Şahin Cəfərov