Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Danimarka və Avstraliyadan olan alimlər bağırsaq xərçənginin yaranması ilə əlaqəli ola biləcək yeni bir virus aşkar ediblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Communications Medicine" elmi jurnalında dərc olunub.
Tədqiqatçılar uzun müddətdir ki, Bacteroides fragilis adlı bakteriyanın rolunu araşdırırdılar. Bu bakteriya bir tərəfdən kolorektal (bağırsaq) xərçəngi olan insanlarda tez-tez aşkarlanır, digər tərəfdən isə tam sağlam insanların bağırsaqlarında da rast gəlinir.
Bu ziddiyyətin səbəbini müəyyənləşdirmək üçün alimlər genişmiqyaslı Danimarka tədqiqatının iştirakçılarının bağırsaq mikroflorasını genetik analiz üsulları ilə araşdırıblar. Məlum olub ki, xərçəng xəstələrinin bağırsaqlarında olan Bacteroides fragilis bakteriyası çox vaxt xüsusi bir virus – bakteriofaq daşıyır. Bakteriofaqlar bakteriyaları yoluxduran və onların daxilində çoxalan viruslardır.
Alimlər ilkin nəticələri daha geniş tədqiqatla da yoxlayıblar. Bağırsaq xərçəngi olan və olmayan ümumilikdə 877 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, aşkar olunan bakteriofaq bağırsaq şişi olan insanlarda təxminən iki dəfə daha çox müşahidə olunur.
Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf bağırsaq mikroflorasının öyrənilməsinə yeni baxış gətirir. Onlar hesab edirlər ki, bundan sonra yalnız bakteriyaların deyil, həmin bakteriyaların daxilində yaşayan virusların da araşdırılması vacib olacaq.
Mütəxəssislər bildirirlər ki, gələcəkdə bu virus bağırsaq xərçənginin erkən aşkarlanması üçün biomarker kimi istifadə oluna bilər. Belə ki, xüsusi analizlər vasitəsilə virusun mövcudluğu müəyyən edilərək xəstəliyin yaranma riskini simptomlar ortaya çıxmadan əvvəl qiymətləndirmək mümkün ola bilər.
Qeyd edək ki, kolorektal xərçəng inkişaf etmiş ölkələrdə ən geniş yayılmış onkoloji xəstəliklərdən biri hesab olunur.
NURİYYƏ