Bağlanmış kitab, açıq sual: Azərbaycan AŞPA ya nə vaxt qayıdacaq?

04.02.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa qitəsinin siyasi səhnəsində bəzən elə anlar olur ki, masa arxasındakı sükut zalı gərginlikdən daha çox danışır. Qətnamələrin sətirləri arasında dolaşan gizli mesajlar, diplomatiyanın soyuq, lakin kəskin nəfəsi və dövlətlərin bir-birinə yönəlmiş baxışları böyük bir tamaşanın görünməyən, lakin hiss edilən hissəsidir.

Azərbaycanın AŞPA ilə münasibətlərində də məhz belə bir səhnə yaranıb. Sanki tərəflər uzun müddət birgə yazdıqları siyasi dialoqun kitabını eyni anda bağlayıb, amma heç biri bu kitabın son səhifəsinin gəlib-gəlmədiyini dəqiq bilmir. Bir tərəfdə qəbul edilən sənədlərin yaratdığı narazılıq, digər tərəfdə cavabsız qalan çağırışlar... və bütün bunların fonunda üzvlüyü davam etsə də, fəaliyyətini dayandırmış bir ölkə.

Diplomatiyanın labirinti bəzən çoxqatlı, dolaşıq və çətin görünə bilər. Amma bu labirintdən çıxış yolu, adətən, tərəflərin bir-birini həqiqətən eşitmək istəməsi ilə başlayır. Azərbaycanla AŞPA arasında da yeni bir səhifənin açılması üçün ilk addım məhz budur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Azərbaycan hazırda AŞPA-nın üzvü olaraq qalır: 

"Sadəcə olaraq qəbul olunmuş son qətnamələrlə bağlı yaranmış siyasi gərginlik səbəbilə təşkilatda öz fəaliyyətini dayandırıb. Üzvlük statusu qüvvədə qaldığı üçün Azərbaycanın AŞPA qarşısında öhdəlikləri hüquqi baxımdan hələ də mövcuddur".

Fazil Mustafa: Bəzi sənədlər Bakı-AŞPA münasibətlərində etimad çatışmazlığını daha da dərinləşdirib

Onun sözlərinə görə, son dönəmdə qurumun iclaslarında Azərbaycan əleyhinə bir sıra sənədlər, o cümlədən, Ermənistan tərəfinin həbsdə olan şəxslərinin azad edilməsi ilə bağlı qətnamələr qəbul edilib:

"Bu sənədlər Bakı-AŞPA münasibətlərində etimad çatışmazlığını daha da dərinləşdirib və tərəflər arasında siyasi dialoqun dayanmasına səbəb olub".

Deputat bildirib ki, mövcud şəraitdə Azərbaycanın təşkilatda tamhüquqlu və fəal şəkildə iştirakı üçün münasibətlərin bərpası, qarşılıqlı hörmət və balanslı yanaşma prinsiplərinin təmin edilməsi vacibdir: 

"Qurumla əlaqələrdə yaranmış problemlər aradan qaldırılmadan və tərəflərin mövqeləri yaxınlaşdırılmadan Azərbaycanın AŞPA çərçivəsində normal fəaliyyətə qayıtması real görünmür. Bakı-AŞPA münasibətlərinin sağlamlaşdırılması həm Azərbaycanın təşkilatdakı rolunun bərpası, həm də Avropa Şurası ilə siyasi dialoqun davamlılığı üçün əsas şərtlərdən biridir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью