Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord səviyyədə aşağı düşərək 15% olub.
“Cebheinfo.az” xəbər verir ki, nəticə Ipsos BVA və CESI mühəndislik məktəbinin “La Tribune Dimanche” üçün keçirdiyi sorğuya əsasən müəyyən edilib.
10 oktyabrda dərc olunan nəticələrə görə, Makronu müsbət qiymətləndirən fransızların payı son bir ayda bir faiz bəndi azalıb. Sentyabr ayında onun reytinqi artıq tarixi minimum 16%-ə çatmışdı. Respondentlərin 82 faizi prezidenti mənfi qiymətləndirir.
Ipsos BVA-nın baş direktor müavini Bris Tenturienin sözlərinə görə, siyasi sağçılardan yalnız 11%-i Makronu dəstəkləyir. Hətta mərkəzçi blokun tərəfdarları arasında belə, onun fəaliyyətinə mənfi qiymət verənlərin payı 47%-ə çatır.
Prezidentin populyarlığının azalması Fransada narazılığı artıran bir neçə məsələ fonunda baş verir. Bunlara məktəb etirazları, yüksək yanacaq qiymətləri, artan dövlət borclanma xərcləri və quraqlıqla əlaqəli kənd təsərrüfatı itkiləri daxildir.
Alıcılıq qabiliyyəti fransızların əsas narahatlığı olaraq qalır. Belə ki, respondentlərin 54%-i bunu prioritet adlandırıb. Sosial təminat sisteminin gələcəyi ikinci yerdədir (44%), ardınca dövlət borcu və büdcə kəsiri (33%) gəlir.
Pessimizm şəxsi maliyyə rifahına da aiddir. Respondentlərin 70%-i öz iqtisadi vəziyyətlərindən narahat olduqlarını bildiriblər.
Fransada növbəti prezident seçkiləri 2027-ci ilə planlaşdırılıb. 2017-ci ildən bəri hakimiyyətdə olan Makron ardıcıl üçüncü prezidentlik müddətinə namizəd ola bilməyəcək.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin