Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycanda daim müzakirə olunan mövzulardan biri də müğənnilərin və musiqiçilərin gəlirləri, eləcə də ödədikləri vergilərdir.
Sənətçilərin dəbdəbəli evləri, bahalı avtomobilləri və geyimləri ictimaiyyətin diqqətini çəkir, onların qazancı ilə bağlı müxtəlif suallar doğurur.
Xüsusilə, bəzi müğənnilərin toylara 5-15 min manat və daha yüksək məbləğə getməsi bu müzakirələri daha da aktuallaşdırır.
Bununla yanaşı, sənətçilər kliplərdən, reklam layihələrindən və digər fəaliyyətlərdən də gəlir əldə edirlər.
Bəs müğənnilər qazandıqları gəlirdən nə qədər vergi ödəyirlər? Bütün sənətçilər vergi öhdəliklərini yerinə yetirirlərmi?
“Cebheinfo.az” mövzu ilə bağlı bir neçə müğənniyə sorğu ünvanlayıb.
Azərbaycanın Əməkdar artisti, müğənni Elnarə Abdullayeva bildirib ki, əvvəldən vergi ödəyib və hazırda bu barədə gənc müğənnilərdən soruşmağı məsləhət görür.
“Mən əvvəldən ödəyirdim, indi isə gənc müğənnilərdən soruşun”, – deyə Elnarə Abdullayeva bildirib.
Müğənni Nura Suri isə uzun illərdir vergi ödəyicisi olduğunu və gəlir əldə etdiyi dövrlərdə vergi ödədiyini vurğulayıb:
“Mənim o qədər çox məbləğdə qazancım olmur. Reklamlar və digər tədbirlər var ki, onların ödənişləri köçürmə yolu ilə həyata keçirilir. Bu zaman proses “Asan İmza” vasitəsilə aparılır.
İllərdir vergi ödəyicisiyəm. İşim olanda vergi ödəyirəm, olmayanda isə vəziyyət fərqli olur. Məsələn, Ramazan ayında və digər müəyyən dövrlərdə iş olmur. Həmin aylarda vergi ödənilmir. Vergi orqanları da hansı dövrlərdə kimin nə qədər qazanc əldə etdiyini bilirlər”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin