Bakalavr təhsili 3 il olacaq? AÇIQLAMA

14.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Ölkəmizdə üçillik təhsil sisteminə keçid üçün, əlbəttə ki, ilk növbədə infrastruktur və tədris proqramları yenilənməli, qeyri-ixtisas fənləri azaldılmalıdır. Ya ümumiyyətlə, tədris proqramından qeyri-ixtisas fənləri çıxarılmalıdır ki, üçillik təhsil sisteminə keçilsin. Bu da əsasən laboratoriya şəraiti tələb olunmayan ixtisaslardır. Çünki həmin ixtisaslarda biz üçillik təhsili ən azı təşkil edə bilərik. Bura pedaqoji, humanitar, iqtisadi və digər ixtisaslar daxildir. Həmin ixtisaslar üzrə bilik və bacarıqlara 3 il ərzində yiyələnmək mümkündür”.

Bu fikirləri elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında Azərbaycanda bakalavr təhsilinin 3 illik ola bilmə ehtimalından danışarkən bildirdi.

“Hazırkı orta təhsilimiz 11 illik təhsildir, amma ümumilikdə məktəbəhazırlıq qruplarını da nəzərə alsaq, demək olar ki, bizdə artıq 12 illik təhsil prosesi formalaşır. Yəni, məktəbəhazırlıq qrupları sıfırıncı sinifdir. O təhsil prosesini sıfırdan götürsək, bir də 11 il, ümumilikdə 12 il şagird tədris prosesinin iştirakçısı olur. Bu amillər də nəzərə alındıqda, əlbəttə, onu demək olar ki, ola bilsin, müəyyən müddət sonra - 3 iləmi, 5 iləmi - biz ilk növbədə qeyd etdiyim istiqamətlər üzrə ali təhsildə üçillik təhsil formatını tətbiq edə bilərik. Söhbət əyani təhsildən gedir”, - deyə ekspert qeyd etdi.

Onun sözlərinə görə, qiyabi təhsilin müddətini isə 5 ildən 4 ilə endirmək mümkündür:

“Bununla bağlı, yəqin ki, aidiyyəti qurumlar, o cümlədən Milli Məclisin Elm və Təhsil Komitəsi hansısa yekun və obyektiv qərar qəbul edə bilər. Bunun üstünlükləri nə ola bilər? Əlbəttə, biz əmək bazarına 3 il ərzində daha çox ixtisaslı kadr çıxara biləcəyik. Bu isə daha qısa müddətdə daha çox işçi qüvvəsinin əmək bazarına çıxarılması deməkdir. Bu belə olduğu halda, əmək bazarında işsizlərin sayı artacaq. Ona görə də bunun əks və mənfi təsirləri də var. Amma müsbət məqam odur ki, artıq 3 il müddətinə ali təhsili bitirmək mümkündür. Hətta biz, məsələn, Cənubi Koreya modelini götürsək, orada 6 ay və ya maksimum 1 il ərzində müvafiq kurslar vasitəsilə vətəndaşlara bilik və bacarıqlar öyrədilir və onlar, demək olar ki, əmək bazarına atılırlar - həm kompüter sahəsi, həm digər texnologiyalar, nəqliyyat, elektronika və s. istiqamətlərində. Yəni, biz də 3 il ərzində eyni prinsipi tətbiq edə bilərik”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью