Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində xüsusi təhlükəli infeksiyalara qarşı fövqəladə hallar zamanı operativ fəaliyyətin sınaqdan keçirilməsinə yönəlmiş praktiki təlim təşkil olunub.
Avtosfer.az Bakı Aeroportuna istinadən xəbər verir ki, təlimin əsas məqsədi aidiyyəti dövlət qurumları ilə hava limanı xidmətləri arasında koordinasiyanı gücləndirmək, eləcə də infeksiya riski yarandığı halda çevik, təhlükəsiz və beynəlxalq standartlara uyğun reaksiyanı təmin etməkdir.
Ssenariyə uyğun olaraq təlim iki mərhələdən ibarət olub. Birinci mərhələ sərnişin terminalının "Gəlmə" zalında həyata keçirilib.
Bu simulyasiyada infeksion xəstəliyə yoluxma şübhəsi olan sərnişinin aşkar edilməsi, dərhal təcrid olunması, sanitariya-epidemioloji təhlükəsizlik prosedurlarının tətbiqi və təxliyə prosesinin düzgün icrası real əməliyyat şəraitində sınaqdan keçirilib.
Təlimin ikinci mərhələsində hava gəmisindən sərnişinlərin tibbi heyət tərəfindən təhlükəsizlik protokollarına uyğun şəkildə təxliyəsi, baqajların boşaldılaraq dezinfeksiya olunması təmin edilib.
Daha sonra təyyarə salonunda tam dezinfeksiya prosedurları icra olunub və bütün əməliyyat ardıcıllığı operativ qaydada həyata keçirilib.
Təlimdə bütün iştirakçılar qarşıya qoyulan tapşırıqları operativ şəkildə, yüksək koordinasiya və məsuliyyətlə yerinə yetiriblər.